Müsahibədə verilən ən çətin suallar

13 Noyabr 2020 27702

Müsahibə  zamanı işəgötürənlər müxtəlif səbəblərdən qəribə suallar verirlər. Təcrübə səviyyənizi, çətin tapşırıqlar verildikdə rahatlığınızı, stress səviyyənizi qiymətləndirmək üçün çətin suallar verilə bilər. İşəgötürənlərin çətin suallar verməsinin bir səbəbi də sizin haqqınızda vacib məlumatları öyrənməkdir. Məsələn, işəgötürən özünüz haqqında danışmağınızı xahiş edə bilər. Özünüz haqqında qısa, aydın bir xülasə vermək çətindir. Ona görə də, işəgötürən özünüzü necə ifadə etməyinizi və rahatlığınızı bu sualla ölçür.

İşəgötürənlərin düşüncə tərzinizi öyrənmək məqsədilə də qəribə suallar vermələri mümkündür. Məsələn, sizə “Əgər bir ağac olsaydınız, hansı növ ağac olardınız?” kimi gözlənilməz bir sual verilsə, təəccüblənməyin. İşəgötürən burada konkret bir cavab axtarmır, əksinə cəldliyinizi və cavabınızı məntiqli izahla dəstəkləyə biləcəyinizi yoxlayır.

İş görüşməsinə hazırlaşarkən hər işə qəbul menecerinin soruşduğu əsas müsahibə suallarını cavablandırmağa hazır ola bilərsiniz, bəlkə də o sualları əzbər bilirsiniz. Lakin eyni zamanda daha çətin suallara da hazırlıqlı olmalısınız. İş görüşmələrində həmişə ən azı bir neçə çətin sual olduğu müşahidə edilir.

Bu cür suallara cavab verərkən əvvəlki iş təcrübələrinizdən xüsusi nümunələr verməyə çalışın, xüsusən də bu təcrübələrin sizi işçi kimi necə formalaşdırdığını vurğulayın.  

Bu yazımızda ən çox rast gəlinən çətin müsahibə suallarını araşdırmışıq.

1. Ən böyük zəifliyiniz nədir?

Güclü və zəif tərəfləriniz haqqında danışmağınız tələb oluna və ya iki ayrı sual şəklində sizdən soruşula bilər. Güclü və zəif tərəfləriniz eyni zamanda soruşulsa, əvvəlcə zəif tərəflərinizi müzakirə edin. Nəticədə sonda güclü tərəfələrinizi vurğulayacaq və nitqinizi müsbət fikirlə sonlandıracaqsınız. Bu müsahibə zamanı  sizə üstünlük qazandırır.

Zəif tərəflərinizi müzakirə edərkən bacarıq, vərdişlər və ya şəxsiyyət xüsusiyyətləri ilə əlaqəli nümunələr çəkin. Müraciət etdiyiniz sahədən asılı olaraq, hansına diqqət ayıracağınıza öncədən qərar verin. Məsələn, satış və ya müştəri xidməti rolu üçün müsahibinizə şəxsi xüsusiyyətlərinizi eşitmək daha çox maraqlı ola bilər. Əmin olun ki, seçimlərinizin heç biri qətiliklə səhv və ya düzgün deyil. Sadəcə olaraq, müraciət etdiyiniz işə uyğun cavablar verməyə çalışın. Cavabınız nə olursa olsun zəifliyinizi aradan qaldırmaq üçün addım atdığınızı vurğulamağı unutmayın.

Pis cavablar:

  • "Mən hər zaman gecikirəm."
  • "Daha əvvəl işdən qovulmuşdum."
  • "İnadkar insanlarla işləmək mənə çətin gəlir."

Yaxşı cavablar:

  •  "Analitik bacarıqlarım çox güclüdür və rəqəmlərlə işləmək mənə son dərəcə rahatdır, amma yazı bacarığımı artırmaq üzərində işləyirəm."
  • "Əvvəllər edə biləcəyimdən daha çox işlər götürürdüm nəticədə tapşırıqları vaxtında bitirə bilmirdim. Artıq vaxtı idarə etməyi öyrənmişəm və əlavə tapşırıqlara “hə” deməzdən əvvəl vaxt nəzərə almağa çalışıram.”
  • “Ən böyük zəifliyim odur ki, bəzən bir layihənin detallarına və onları təhlil etməyə çox vaxt ayırıram. Artıq detallarla yanaşı ümumi mənzərəyə də fikir verməyə çalışıram. Bu şəkildə məhsuldarlığımı artırmağı və son tarixələrə çatmağı, işin təfərrüatlarına qapılmadan keyfiyyəti təmin etməyi hədəfləyirəm.”

2. Güclü tərəfləriniz hansılardır?

Sizdən güclü tərəflərinizi soruşmaqda müsahibin məqsədi budur:

  • Güclü cəhətlərinizi müəyyən etmə bacarığınızı öyrənmək 
  • Realist olub-olmadığınızı bilmək
  • Güclü tərəflərinizin iş üçün uyğun olub olmadığını nəzərə almaq.

Sadəcə güclü tərəfiniz deməklə kifayətlənsəniz bu uyğun cavab olmayacaq. Cavab verərkən müsahib sizdən nümunələr gözləyəcək. Beləliklə, uyğun cavab vermək üçün cavabınızda yuxarıdakı 3 məqamı çatdırmalı və gücün real həyatda uyğun bir nümunəsini göstərməlisiniz.

Dünyadakı ən çalışqan və zaman idarəçiliyində əla bir insan olduğunuzu iddia edə bilərsiniz, ancaq bir nümunə gətirməsəniz cavabınız heç nəyə təsir etmir.

Güclü tərəflərinizi müəyyən etdikdə bu cəhətləri necə və harda istifadə etdiyinizi düşünün.

Nə baş verib? Bu vəziyyətə necə reaksiya vermisiniz? Güclü tərəfləriniz problemi həll etməyə necə kömək edib?

Əsasən, suala cavab vermək üçün düsturlu yanaşma bu şəkildədir:

  • Gücünüzü ifadə edin
  • Bu gücü nə vaxt və necə istifadə etdiyinizə dair bir nümunə verin
  • Nə cür təsir göstərdiyinizi izah edin (İstəyə bağlı) 
 

3. Niyə sizi işə götürməliyik?

Bu kimi bir çətin müsahibə sualların sizi çıxılmaz vəziyyətə salmasına yol açmayın. Bu suala ən yaxşı cavab sizi rəqiblərinizdən fərqləndirən cəhətlərin müəyyənləşdirilməsidir.

Bu suala cavab hazırlamazdan əvvəl iş elanındakı tələbləri yaxşı oxuduğunuzdan əmin olun. Elanındakı tələblərə əsasən cavab hazırlayaraq işə götürmə menecerinə iş üçün ən yaxşı namizəd olduğunuzu sübut edə bilərsiniz.

Pis cavablar:

  • "Çünki ən yaxşısı mənəm."
  • "Çünki bu iş üçün həvəsliyəm."
  • "Çünki əla bir işçi olacam."

Yaxşı cavablar:

  • “Layihə idarəetmə təcrübəsinə və texniki biliklərə sahib olmaq bu rol üçün vacibdir. Bu bacarığı özümdə xeyli inkişaf etdirmişəm. Əvvəlki işlərimdə də ...”
  • “Bu sahədə qazandığım uğurlar tapşırıqların icrasında məsuliyyətli olduğumu göstərir. Bunlar məndən gözləyə biləcəyiniz nəticələrin bir nümunəsidir. ”
 

4. Əvvəlki işinizdə xoşunuza gəlməyən cəhət nədir?

"Son işinizin ən pis tərəfi nə idi?" və ya "Niyə son işinizi bəyənmədiniz?" - bu suallara cavab verərkən səmimi olmaqla birlikdə, neqativ fikirlərdən uzaq durmağa çalışın. Bu müsahibə sualının məqsədlərindən biri müraciət etdiyiniz işdən nə gözlədiyinizi müəyyən etməkdir. Əvvəlki işdəki şərtlərdən narazı idinizsə və yeni işdəki şərtlər oxşardırsa, yenidən narazı ola bilərsiniz. Unutmayın ki, son işinizdən nifrət etsəniz də, ordakı işçilər haqqında heç vaxt pis danışmamalısınız.

Pis cavablar:

  • "Mənim müdirim axmaq idi."
  • "İş mühiti və kollektivə nifrət edirdim."

Yaxşı cavablar:

  • “İnsanları, yeni layihələri və iş mühitindəki öyrənmə həvəsini çox sevirdim. Ancaq layihələrin vaxtının, son tarixlərin və detalların heç bir xəbərdarlıq edilmədən daima dəyişməsi məni narahat edirdi, buna görə uğurlu nəticə əldə etmək mümkün olduğundan daha çətin idi. ”
  • "Mənə müxtəlif şöbələrdə insanlarla çalışmışam, buna görə çox şey öyrənmişəm amma işimə nəzarətin zəif olması, konstruktiv rəy verən şəxslərin olmaması işimi çətinləşdirirdi. ”

5. İş yoldaşınız ilə mübahisə zamanı necə davranarsınız?

İş yoldaşları arasındakı fikir ayrılıqları qaçılmazdır, lakin gələcək işəgötürənlərə bu məsələləri həll etmək üçün necə davranacağınızı göstərmək çox vacibdir.

Bu sual verildikdə dinləmə və ünsiyyət bacarıqlarına, empatiya qabiliyyətinə malik olduğunuzu, problemi effektiv şəkildə həll edə biləcəyinizi bir sözlə şəxslərarası münasibətlərdə yaxşı olduğunuzu bildirməyə çalışın.

Pis cavablar:

  • "İş yoldaşımla müzakirədə mənə haqsızlıq edilsə, buna müdaxilə etməsi üçün məsələni müdirimə danışardım."
  • “Bəzi insanlarla xasiyyətim uyğun olmaya bilər. Həmin insanlarla danışmamağa çalışıram”

Yaxşı cavablar:

  • “İş yoldaşımla fikir ayrılığım olduğunda məsələni xüsusi olaraq müzakirə edirəm. Qarşı tərəfin fikirlərini başa düşdüyümdən əmin olmaq üçün fəal şəkildə dinləyirəm və birlikdə həll yolunu inkişaf etdirmək üçün qarşıdakı insanla ortaq yol tapmağa çalışıram. ”
  • “İşdəki münaqişənin həllində iş birliyi önəmlidir. Məsələn, əvvəlki həmkarım işləri son tarixlərinə uyğun təhvil vermirdi. Bunu onunla müzakirə etdikdən sonra iş sistemini birlikdə yaxşılaşdırmağın və gələcəkdə bu problemin qarşısını almağın yolunu tapdıq.”

Çətin müsahibə suallarını cavablandırmaq, şübhəsiz ki, iş axtarışı prosesinin ən əsəb verici hissələrindən biridir. Xoşbəxtlikdən, narahatlığınızı sovuşdurmağın bir yolu nə ilə qarşılaşacağınızı bilmək və əvvəlcədən çətin müsahibə suallarına ağıllı cavablar hazırlamaqdır.

Uğurlar!


Oxşar yazılar