İş mühitində şəxslərarası münasibətlərin rolu

27 Oktyabr 2020 3244

Təsəvvür edin ki, müəyyən bir sahədə olduqca peşəkar birisiniz və işinizin tələb etdiyi bütün texniki bacarıqlara sahibsiniz. Texniki bacarıq və bilikləriniz sayəsində işlədiyiniz insanların rəğbətini qazanırsınız. Bəs bu texniki bilik və bacarıqlarınız uğurlu olmağınız üçün kifayətdir? 

Uğurlu karyera qurmaq üçün texniki biliklərlə yanaşı, düzgün münasibət qura bilmək, ünsiyyət bacarıqları da zəruridir. Effektiv şəxslərarası münasibətlər və iş əlaqələri uğurlu karyeranın təməlidir. İşdə həmkarlarınıza qarşı qeyri-adekvat davranışlarınız karyeranıza və iş münasibətlərinizə zərər verə bilər. Təhsiliniz, təcrübəniz və ya vəzifəniz nə olursa olsun, iş mühitində başqaları ilə düzgün münasibət qura bilməməyiniz karyeranıza mənfi təsir göstərəcək və davranışlarınız işinizin keyfiyyətini kölgədə qoyacaq. 

Bəs necə edək ki, iş mühitində düzgün münasibətlər qura bilək? 

Bu yazımızda şəxslərarası münasibətləri qaydaya salacaq və motivasiyaedici bir iş mühiti yaratmaq üçün atıla biləcək addımlardan danışacayıq: 

Güclü və zəif tərəflərinizi anlamağa çalışın 

İş yerində əlaqələrin inkişafına diqqət yetirməzdən əvvəl güclü və zəif tərəflərinizi başa düşmək faydalı ola bilər. Ünsiyyət qurmaq, münaqişələrin həllinə yönəlmək, aktiv dinləyici olmaq kimi şəxsi keyfiyyətlər iş yerində əlaqələr qurmağa və onları inkişaf etdirməyə kömək edəcək. Güclü və zəif tərəflərinizi anlamağa çalışmağın ən yaxşı yolu SWOT analizi etməkdir. 

SWOT analizinə misal olaraq:

S - Güclü tərəfləriniz

  • Dəyişikliklərə tez uyğunlaşmaq
  • Empatiya bacarığı

W - Zəif tərəfləriniz

  • Özünü ifadə edə bilməmək
  • Vaxtı düzgün idarə edə bilməmək

O - Fürsətləriniz

  • İş yerində keçirilən təlim və seminarlara qatılmaq

T - Təhdidlər

  • Daha yaxşı tədqiqat edə bilən rəqiblər

Ünsiyyət bacarıqlarınızı inkişaf etdirin

Ünsiyyət sosial həyatın əsasını təşkil edən proseslərdən biridir. Səmərəli ünsiyyət qurmaq üçün başqaları ilə ünsiyyətinizdə ortaya çıxan problemləri müəyyənləşdirməli və onları minimuma endirmək üçün maneələri və çətinlikləri düşünməlisiniz. Şirkətlərdə, təşkilatlarda və ya şəxslərlə işgüzar münasibətləri əhatə edən komanda işində əməkdaşlığı mümkün edən ünsiyyətdir. Təşkilat üzvlərinin bir-biri ilə səmərəli ünsiyyət qurması çox vacibdir, çünki işin məhsuldarlığı və müsbət nəticələri ondan asılıdır. 

Ünsiyyəti effektiv edən elementlər: aktiv dinləmə, empatiya qurmaq (özümüzü başqasının yerinə qoymaq), qərəzsiz olmaq, tənqidlərə açıq olmaq, bədən dili, göz təması, səs tonuna və s. diqqət etmək. 

Bölüşməyi bacarın

Ünsiyyət bacarıqları ilə yanaşı şəxslərlə münasibətdə vacib başqa məsələlər də var. Onlardan biri də paylaşmağı bacarmaqdır. Unutmayın ki, insanlarla ünsiyyət qurmağımızın əsas səbəblərindən biri də müəyyən bir zamanda təcrübələrindən, bacarıqlarından və ya biliklərindən faydalanmaqdır. Münasibətlərdə balansı qorumaq üçün də qarşılıqlı fikir mübadiləsi önəmlidir. Ona görə də, şəxslərlə əlaqələrin möhkəmlənməsini və peşəkar münasibətlərinizin bir sonrakı mərhələyə keçməsini təmin etmək üçün təcrübə, fikirlər və düşüncələrinizi həmkarlarınızla bölüşməlisiniz. 

Konstruktiv rəy bildirməyə və aldığınız rəyləri dəyərləndirməyə çalışın

İstədiyiniz qədər böyümə və inkişaf barədə danışa bilərsiniz, ancaq başqalarına necə konstruktiv rəy verəcəyinizi bilmirsinizsə və aldığınız rəyləri dəyərləndirə bilmirsinizsə inkişaf etməyiniz çətin ola bilər. Başqalarına rəylərinizlə istiqamət vermək düzgün əlaqə qurmağı təmin edən yollardan biridir. Eyni zamanda, başqalarından rəy almaq, peşəkar inkişafınıza mane ola biləcək konkret məsələləri həll etmək üçün bir fürsətdir. Bu rəylər sayəsində insanların fikir fərqliliklərini və baxış bucağını öyrənmiş olacaqsınız. 

Rəylər konstruktiv olduğu müddətdə faydalıdır. Bəzi işçilər var ki, həmişə heç bir dəyər təklif etmədən yoldaşlarını tənqid edirlər. Sadəcə tənqid etmək münasibətlərə zərər verə bilər, ona görə də təkliflərinizi bildirin, həll yollarını düşünün. Beləliklə, digər həmkarlarınızın və komandanın inkişafına kömək edən insan olacaqsınız. 

Məsuliyyət götürməyi bacarın

Əməllərinə görə məsuliyyət daşıyan insanlar gizlənən və öz səhvlərində başqalarını günahlandıran insanlardan daha hörmətli və dəyərlidirlər. Səhv bir şey etdiyinizi etiraf etmək zəiflik əlaməti deyil. Əslində, bu tamamilə əksinədir. Səhv olduqda məsuliyyəti öz üzərinizə götürmək başqalarına güvən yaratmaq və səhvlərinizi öyrənmək üçün çox vacibdir. Səhvlərinizə görə məsuliyyət almağı bacarmasanız iş yoldaşlarınızın və dostlarınızın etibarını davamlı olaraq itirəcəksiniz və daha da önəmlisi səhvlərinizdən heç vaxt nəticə çıxarmayacaqsınız.

Oxşar yazılar