Müsahibə zamanı edilən 7 önəmli səhv

18 Noyabr 2020 6874

İş müsahibələri işə qəbul prosesinin ən vacib hissəsidir, ona görə də bir çox namizədə stressli, qorxuducu bir proses kimi görünə bilər. Müsahibə zamanı bir çox problemlə də qarşılaşmağınız mümkündür. Qarşılaşdığınız problemlərə qarşı reaksiyanız və hər şeydən əvvəl mənfi vəziyyətləri tez bir zamanda lehinizə çevirə bilmə qabiliyyətiniz pis gedişatı tamamilə müsbətə doğru dəyişə bilər.

Müsahibə zamanı sürətli düşünməyiniz, dürüst münasibətiniz sizi müvəffəq edəcək ən vacib amillərdəndir.

Vakansiyalara bir çox hallarda rəqabət güclü olur və müraciət etdiyiniz hər bir vəzifə üçün bir sıra istedadlı rəqiblərlə qarşılaşırsınız. Ona görə də, müsahibələrdə ilk təəssüratlar həqiqətən vacibdir.

Müsahibədə həyəcanınızı sovuşdurmaq, özünə inamlı və bilikli şəxs imajı yaratmaq düşündüyünüz qədər çətin deyil. Ümumi səhvlər barədə təsəvvürə malik olmaqla müsahibədə digər namizədlərdən fərqlənə bilərsiniz. Müsahibə zamanı nə edəcəyinizi və necə davranacağınızı öyrənməklə işəgötürənlərin sizi özünə inamlı və ixtisaslı bir namizəd kimi görməsinə zəmin yarada bilərsiniz.

Bu yazımızda sizə işə qəbul olmamağınıza səbəb ola biləcək müsahibə səhvlərini araşdırmışıq.

  1. Uyğun olmayan geyim
  2. Müsahibəyə gec və ya çox erkən gəlmək
  3. Şirkət haqqında məlumatlı olmamaq
  4. Müsahibə zamanı telefondan istifadə
  5. Əvvəlki iş yerləri və işəgötürənlər haqqında pis danışmaq
  6. Əvvəlcədən hazırlaşmamaq
  7. İşəgötürənə sual verməmək

Qeyri – peşəkar görünüş

Araşdırmalara görə, səliqəsiz və uyğun olmayan geyimlə müsahibəyə gələn şəxslərin müsahibələri çox qısa çəkir və əsasən uğursuzluqla nəticələnir.

Müsahibə zamanı peşəkar görünmək vacibdir. Ataların "insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salarlar" deyimi lap yerinə düşür.

Müraciət etdiyiniz mövqeyə görə geyiminiz dəyişsə də, şirkət nə şirkəti olursa olsun, səliqəli görünmək xoş təəssürat oyatmaq üçün ilkin addımdır.

Müsahibə geyimi seçməzdən əvvəl, vəzifənin və iş yerinin nə qədər rəsmi olduğunu müəyyənləşdirmək tövsiyə olunur. Məsələn, maliyyə və ya hüquq sahəsindəki bir vəzifə üçün müsahibəyə çağırılmışsınızsa, rəsmi iş geyimi – kostyum uyğun seçim olacaqdır. Bununla birlikdə, daha az rəsmi vəzifələr və iş yerləri üçün səliqəli gündəlik geyimlər həmişə yaxşı seçimdir.

Gec gəlmək

Əlbəttə ki, iş görüşməsinə gecikməyin başlanğıcdan sizin haqqınızda pis təəssürat yaradacağını bilirsiniz. Gecikmək zəif vaxt idarəetmə bacarıqlarına işarə etməklə birlikdə, şirkətə, vəzifəyə və müsahibinizə hörmətsizlik əlaməti sayılır.

Bunun qarşısını almaq üçün mütləq plan qurmaq və məsafəni nəzərə alaraq, görüş vaxtından əvvəl yola çıxmaq lazımdır. 

Gecikəcəyinizi anladığınız zaman qarşı tərəfin sizi gözləmədən yeni bir proqram hazırlaya bilməsi üçün insan resursları mütəxəssisinə vəziyyəti bildirdiyinizdən əmin olun. Fərqli bəhanələr gətirmək, yalan danışmaq əvəzinə nəyi yaşadığınızı söyləməyi və dürüst olmağı seçməklə heç nə itirməzsiniz.

Şirkət haqqında heç nə bilməmək

Görüşdən əvvəl araşdırma aparsanız, işəgötürənin "Bu şirkət haqqında nə bilirsiniz?" sualı asanlıqla cavablanan suallardan biridir. Bu suala cavab verə bilməmək isə işi itirməyinizə səbəb ola bilər.

Şirkətin tarixi, bölmələri və missiyası daxil olmaqla bir çox məlumatlar əksər şirkət veb saytlarında "Haqqımızda" bölməsində mövcuddur. Veb-sayt yoxdursa, şirkətin LinkedIn səhifəsini, Facebook səhifələrini yoxlaya bilərsiniz.

Əlavə olaraq, sizdən müsahibə götürəcək insanları da araşdıra bilərsiniz. LinkedIn profilini nəzərdən keçirməklə işəgötürən haqqında məlumat əldə edə bilərsiniz. Nə qədər çox məlumat tapa bilsəniz, müsahibə zamanı daha rahat danışacaqsınız.

Müsahibə zamanı telefondan istifadə

Müsahibənizə başlamazdan əvvəl telefonunuzu səssiz rejimə ala bilərsiniz. Müsahibə zamanı mesaj yazmaq, hətta vaxta baxmaq kobudluq və hörmətsizlik olmaqla birlikdə, işəgötürənə işə düzəlməyin sizin üçün ən vacib məsələ olmadığı barədə olduqca açıq bir mesajdır. Eyni səbəblərdən, müsahibə zamanı zənglərə də cavab verməyin.

Telefonunuzu səssizə aldığınızı düşünmüşdünüz. Birdən müsahibənin ortalarında "Babək" filminin melodiyası yüksək səslə çalmağa başlayır. Nə etməli? Bu vəziyyətlər müsahibənin gedişi üçün çox parlaq deyil. Müsahibədən əvvəl telefonunuzun səsinin tamamilə söndüyünə əmin olun.

Belə halla qarşılaşdıqda dürüst olun və həyəcandan telefonu söndürməyi unutduğunuzu söyləyin və üzr istəməkdən çəkinməyin. Heç nə olmamış kimi davransanız haqqınızda mənfi rəy formalaşdıra bilərsiniz.

Əvvəlki iş yerləri və işəgötürənlər haqqında pis danışmaq

Dünya düşündüyünüzdən daha kiçik bir yerdir. İşəgötürənin keçmiş müdiriniz və ya əvvəlki müsahibələrinizdəki işəgötürənlər də daxil olmaqla kimləri tanıdığını təxmin edə bilməzsiniz. Eyni zamanda, işəgötürən gələcəkdə bu iş yerini tərk etdiyiniz zaman da şirkət və işçilər haqqında eyni şəkildə danışa biləcəyinizi düşünməsinə səbəb ola bilərsiniz. Buna görə də “Əvvəlki işinizdə xoşunuza gəlməyən cəhət nədir?” sualı verildikdə köhnə iş yeriniz və iş yoldaşlarınız haqqında mənfi rəy bildirməkdən uzaq durun.

Bu və bu kimi suallara necə cavab vermək lazım olduğunu bilmək istəyirsinizsə “Müsahibədə verilən ən çətin suallar” məqaləmizə diqqət yetirin.

Əvvəlcədən hazırlaşmamaq

İşəgötürənlər keçmişiniz, bacarıqlarınız, şirkətə olan marağınız və işi istəmə səbəbləriniz barədə, əsasən, oxşar sualları verməyə meyillidirlər. Ən azı şirkət haqqında oxuyun və uğurla başa vurduğunuz layihələr haqqında bir neçə cümlə hazırlayın və mütləq əvvəlcədən hazırlaşın. Vəzifənizlə əlaqəli biliklərinizi nümayiş etdirməmək və ya keçmiş fəaliyyətinizə dair aydın nümunələr təqdim etməməyiniz sizi zəif namizəd kimi göstərəcək.

Müsahibəyə getməzdən əvvəl ən çox rast gəlinən müsahibə suallarına nəzər yetirin və uyğun cavablar hazırlayaraq məşq edin. Bu yolla müsahibə zamanı həyəcanınız və stressiniz azalacaq və daha rahat olacaqsınız.

İşəgötürənə sual verməmək

Əksər müsahibələrdə işəgötürənlər sualları cavablandırmaq üçün sonda vaxt ayırırlar. Müsahibəni birtərəfli hesab etməməlisiniz. İşinizlə bağlı verdiyiniz suallar sizi irəli apara bilər. İşə qəbul üzrə mütəxəssislər onlarla ünsiyyətdə olan namizədləri daha dəqiq xatırladıqlarını və məntiqi suallar verən namizədlərin daha çox diqqət çəkdiklərini bildirirlər. Verdiyiniz suallar düşüncə tərzinizi və sizin üçün nəyin vacib olduğunu göstərir.

Heç bir sualınızın olmaması maraqlanmadığınız və araşdırma etmədiyiniz barədə görüntü yaradır. Ona görə də müsahibəyə getməzdən əvvəl suallar hazırlamağı unutmayın.

Uğurlar!


Oxşar yazılar