Tənbəllikdən necə xilas olaq?

17 Noyabr 2020 6424

Hər birimizin enerjisiz hiss etdiyi və motivasiya tapmaq üçün mübarizə apardığı, boş gözlərlə edilməsi lazım olan işlərə baxdığı, Garfield kimi yaşamaq istədiyi :) zamanlar olur. 

Bu normal bir haldır. Axı heç birimiz sonsuz enerjili Marvel super qəhrəmanları deyilik. Bəzən tənbəllik bizim üçün hər zamankindən daha cəlbedici görünür və uzun müddət bəhanələr gətirərək işdən yayına bilirik.

Dediyimiz kimi, bəzən belə hiss etmək adi bir haldır, ancaq bu vəziyyət tez-tez yaşandıqda və ya daha uzun müddət davam etdikdə həyatımızdakı proseslərə zərər verə bilər. Uzun müddət sonra hədəfləriniz əhəmiyyətsiz görünə, bacarıqlı olduğumuz haqqında şübhə etməyə başlaya bilərik. Bir müddət sonra isə tənbəl olmaq istəyinin qarşısını almaq çətinləşir. Bu, aydındır ki, həyatımıza heç vaxt istəmədiyiniz şəkildə mənfi təsir göstərir.

Bəs necə edək ki, tənbəllikdən qurtulaq? Tənbəllikdən qurtulmanın yolları varmı?

Bu yazımızda tənbəlliyin əsas səbəbləri ilə birlikdə, bu vərdişi aradan qaldırmaq üçün istifadə edə biləcəyiniz üsulları da araşdırmışıq. Əgər siz də tənbəlliyin dozasını qaçırdığınızı düşünürsünüzsə, bu meylinizi  tez bir zamanda dayandırmaq istəyirsinizsə, bu yazımız sizə kömək edə bilər.

 Səbəbini araşdırın.

Tənbəllikdən qurtarmaq üçün etməyiniz lazım olan ilk şey davranışınızın səbəbini anlamaqdır. İlk növbədə problemin mənbəyini tapmalısınız. Yorğun olduğunuza görə və iş çətin olduğuna görə tənbəllik edirsiniz yoxsa həyatınızdakı problemlər sizi ruhdan salır? Bacarmayacağınızı düşündüyünüzə görə, yoxsa diqqətinizi cəmləyə bilmədiyinizə görə? Laqeydliyinizin əsas səbəbini başa düşsəniz, problemi həll etmək daha asan olacaq və bu zaman hərəkətə keçmək üçün daha yaxşı motivasiyaya sahib ola bilərsiniz.

Hərəkət etməyə başlayın

Tənbəlliyiniz davamlıdırsa və sizi getdikcə uğursuz bir insan halına gətirirsə, həyatınıza bir hərəkət qatmalısınız. Bəs hərəkət dedikdə nəyi nəzərdə tuturuq? Elə bildiyimiz hərəkətdən bəhs edirik. Yəni, daha çox gəzməyinizi, qaçmağınızı, pilləkənlərdən istifadə etməyinizi, bir sözlə daha çox hərəkət etməyinizi tövsiyə edirik. Çünki hərəkət etdikcə həm bədəndə, həm də zehində daha çox enerji depolanır. Hərəkətsiz yaşam tərzi bir çox xəstəliklərə yol açmaqla birlikdə enerjinizi də yox edir. 

Kiçik bir addım atın, davamı gələcək.

Təsəvvür edin ki, qarşınızda təmizlənməsi lazım olan 3 otaqlı bir ev var. Belə bir vəziyyətdə o 3 otaqlı ev gözünüzə nəhəng bir qala kimi görünürmü? Bəlkə bir neçə saat ərzində edə biləcəyiniz iş heç bitməyəcək kimi gəlir? Əminik ki, bu şəkildə hiss etdiyiniz bir çox halla qarşılaşmısınız.

Bununla birlikdə, bütün evi təmizləmək haqqında yox, otaqları düşünüb işə başlayırsınızsa bu sizə çox asan görünəcək. Yəni, tənbəllikdən qurtulmaq üçün haradan başlayacağınızı bilməklə hərəkət etməlisiniz. Nəhəng bir evi təmizləmək əvəzinə, şkafınızı düzəltməklə başlayın və bu işi görərkən evin qalan hissəsi barədə düşünməyin. Buna görə diqqətinizi yalnız o anda etdiyiniz kiçik tapşırığa yönəldin. Beləliklə, hamısını ardıcıl və çətinlik çəkmədən edə bilərsiniz.

Çətinlikdən qaçmayın.

Tənbəllik həmin anda sizin üçün xoşbəxtlik ola bilər. Tənbəllik etmək dünyadakı ən asan şey deyilmi? Məlumdur ki, bir çox insanın seçimini asan olandan yana edir. Ancaq müvəffəqiyyətli olmaq üçün lazım gəldikdə çətinliyə qarşı dözümlü olmaq, əziyyət çəkmək gərəkdir. Yəni ki, tənbəllikdən qurtulmaq üçün özünüzü məcbur etməlisiniz. İstəməsəniz də hərəkətə keçməyinizi və çətin olanı seçməyinizi təklif edirik. Özünüzü məcbur etməyi öyrəndikdən sonra bunu vərdiş halına gətirərək həvəslə etməyə başlayacaqsınız.

Tənbəlliyə meylinizi artıracaq şeylərdən qurtulun.

Tənbəlliyə meylli olduğumuz zaman ətrafımızdakı bir çox şey bizim üçün vacib işlərdən daha cəlbedici görünür. Məsələn, normal vaxtlarda izləməyəcəyimiz televiziya şousu bizə həmin an zövq verir. Sevmədiyimiz, bir dəfə də olsun axtarmadığımız kitab necəsə diqqətimizi çəkir. "Millətin nə etdiyindən mənə nə?!" kimi düşüncələrlə baxdığımız sosial media birdən-birə maraqlı bir mühitə çevrilir. Demək olar ki, o anda ətrafımızda olan hər şey qarşımızda duran işdən daha cəlbedici görünür. Buna görə də, ətrafınızdakı diqqət yayındıran vasitələrdən qurtulmalısınız.

Nə əldə edəcəyinizi düşünün.

Tənbəllik etmək olar amma tənbəl olanda nə əldə edəcəyinizi düşünmüsünüz? Ediləcək və güman ki, son tarixə kimi çatdırılmayacaq işlərə biri daha əlavə olunacaq. Bəs tənbəllik etmədikdə nə qazanacaqsınız? Məsələn, uzun müddət yubandırdığınız  IELTS hazırlığına başlayıb xəyallarınıza daha da yaxınlaşmaq və ya edilməli tapşırıqları tez bitirib hobbiləriniz üçün zaman ayırmaq və.s Tənbəllik etmək əvəzinə hərəkət etməyi seçdiyiniz zaman bir çox cəhətdən qazanırsınız. Beləliklə, "Mənim heç bir işim yoxdur" düşündüyünüz zaman özünüzə "Belə davam etsəm, tənbəlliyi dayandırmasam nə olacaq?" deyə soruşmalısınız.

Tənbəllik üçün vaxt ayırın.

Xeyr, bu qədər yazıdan sonra sizə “Tənbəl olmağa davam edin” demirik. Amma başlığı düz oxudunuz. Deyək ki, tənbəl olmaq istəyəndə özünüzü məcbur edib işləri tamamlamağı bacardınız. Uzun müddət çalışdınız və mübarizə apardınız. Bəs bunda sonra nə etməli? Özünüzü mükafatlandırmalısınız. Çünki əks təqdirdə motivasiyanı yenidən itirəcək və bir müddət sonra xroniki tənbəlliyə doğru qaçmağa başlayacaqsınız.

Ona görə də, tənbəllik etmək üçün və ya başqa sözlə desək, sevdiyiniz işlərlə məşğul olmaq üçün özünüzə vaxt ayırın. Bunun da yolu vacib tapşırıqları tez bitirməkdən keçir. :)


Oxşar yazılar