İT sahəsi üçün mütəxəssislər müsahibəyə necə hazırlaşmalıdır?

21 Dekabr 2023 2665

“HR mütəxəssisləri cavablandırır” rubrikamızın bu yazısında FS Code şirkətinin İşə qəbul mütəxəssisi Aytən Qasımova İnformasiya Texnologiyaları sahəsində olan şirkət üçün CV incəlikləri və müsahibəyə hazırlaşmağın detalları barədə yazıb.

Özünüzdən bəhs edin

Mən - Aytən Qasımova FS Code şirkətində İşə qəbul mütəxəssisi olaraq çalışıram. Sahə üzrə təcrübəm 2 ildən artıqdır. Daha əvvəl konsaltinq şirkətində çalışdığım üçün, İnsan Resursları sahəsinin bir neçə qolunda və fərqli sahələrdə İR mütəxəssis işləmək şansım olmuşdur. Bundan sonra İnsan Resursları sahəsində mənə ən uyğun gələn vəzifənin İşə qəbul üzrə mütəxəssisi olduğunu anladım. Daima inkişaf edən texnologiya sektorunda komandamızla birlikdə işləmək mənim üçün çox maraqlıdır.

Proqramçı və ya İT mütəxəsisi mütləq CV-də hansı məlumatları qeyd etməlidir?

Düşünürəm ki, İT mütəxəssisləri və ya proqramçılar öz CV-lərində aşağıda yazılanlara diqqət etməlidirlər:

  • Şirkətdə öhdəliklərin təsviri - Hal-hazırkı və ya əvvəlki iş yerlərində vəzifə və öhdəliklərini aydın formada qeyd etmək, ümumiləşmiş cümlələr yerinə, etmiş olduğu spesifik tasklara və layihələrə fokuslanmaq.
  • Texnologiyalar - Karyera boyunca iştirak etmiş olduğu layihələrdə istifadə olunmuş proqramlaşdırma dilləri, tool-lar və kitabxanaların qeyd olunması.
  • Təcrübələr - Texniki bacarıqların və bunların iş mühitində necə tətbiq olunduğunun vurğulanması
  • Dil bacarıqları - Həm danışıq, həm də proqramlama dilləri ilə bağlı ən vacib faktor onlarda olan peşəkarlıq səviyyəsinin aydın formada vurğulanmasıdır.
  • Layihələrə linklər - Mümkünsə proyektlərin codebase-lərinə aid linklərin (Github, Gitlab və s.) qeyd olunması, tamamlanmış layihələrin demo linklərinin CV-də qeyd olunması.
  • Soft skills - Vaxtın düzgün idarə edilməsi, komanda ilə iş kimi bacarıqlar İT sahəsində ən az texniki bacarıqlar qədər önəmlidir.

Mütəxəssis müsahibəyə necə hazırlaşmalıdır?

Müsahibəyə effektiv hazırlaşmaq, həm şirkəti, həm də müraciət etdiyiniz vəzifəni yaxşı tanımaqla başlayır. Şirkətin təcrübəsi, məhsulları və xüsusiyyətləri haqqında araşdırma edərək başlamaq tövsiyə olunur. Bu məlumatlar, sizin şirkətə olan marağınızı və həmin vakansiya üçün uyğunluğunuzu göstərməyə kömək edir. Keçmiş təcrübələriniz haqqında düşünün, bunların iş tələbləri ilə necə uyğunlaşdığına diqqət edin və bu təcrübələri, uğurlarınızı və öyrəndiklərinizi müsahibə prosesində müzakirə etməyə hazırlaşın. Sizin sahənizlə əlaqədar xüsusilə önəmli olan müsahibə sualları ilə tanış olun və aydın, özünə əmin cavablar verməyi əvvəlcədən təcrübədən keçirin. Vəzifə və şirkət haqqında suallar hazırlayaraq marağınızı göstərin və karyera məqsədləriniz üçün uyğunluqlarını ifadə edin. 

Müsahibəyə gələrkən ən çox edilən səhvlər hansılardır onlardan necə qorunmalı?

Müsahibəyə gələrkən ən çox edilən səhvlərdən bir neçəsi şirkət və məhsul haqqında qeyri-kafi araşdırma etmək, müsahibədə passiv mövqedə qalaraq suallar verməmək və verilən cavabları müraciət edilən işin tələbləri ilə uyğunlaşdırmamaqdır.

Belə problemlərlə üzləşməmək üçün şirkət haqqında öncədən araşdırma edib, sizə maraqlı olan məsələlərdə suallar hazırlamaq önəmlidir. 

Şəxs özündən bəhs edərkən əlavə olaraq hansı məqamları bildirməlidir?

Müsahibədə özünüzdən bəhs edərkən sahənizə necə başladığınızı vurğulamağınız müsbət haldır. İş elanı ilə necə tanış olduğunuzdan danışa, müraciət etdiyiniz vəzifəyə niyə maraqlı olduğunuzu bildirə və şirkətə necə dəyər qata biləcəyinizi ifadə edə bilərsiniz.

İT şirkətdə olan müsahibə zamanı İşə qəbul mütəxəssisinin xüsusi ünvanladığı suallardan nümunələr hansılardır?

Ümumi sualları aşağıdakı kimi sıralamaq olar.

1. Bizim şirkət haqqında nələr bilirsiniz?

2. İş prosesində qarşılaşdığınız və həll etməkdən zövq aldığınız texniki problemlərdən nümunə gətirin.

3. Məhsul ilə bağlı müəyyən bir problemi necə həll edərdiniz?

4. Tapşırığı vaxtında təhvil vermək üçün, sürətlə işləməli olsaydınız, necə bir yol izləyərdiniz?

5. Texnoloji xəbərləri hansı aralıq ilə öyrənərsiz və ən son diqqətinizi çəkən hansı yenilik ilə qarşılaşmısınız?

Son olaraq, İT vakansiyaları üçün olan müsahibələr digər vakansiyalardan hansı cəhətləri ilə fərqlənir?

İT müsahibələrdə texniki bacarıqlardan əlavə olaraq, soft skill-lər də önəmli rol oynayır. Bu sahədə iş müraciəti edən şəxslər bəzən özlərini ifadə etməkdə çətinlik çəkə bilərlər. Bu da öz növbəsində müsahibə zamanı İR mütəxəsininə xüsusi bir məsuliyyət yükləyir. Rahat və anlayışlı mühitin yaradılması, namizədlərin bacarıqlarını eləcə də fikirlərini daha açıq ifadə etməklərinə imkan yaradır və beləliklə, namizədlərin daha effektiv və hərtərəfli dəyərləndirməsinə təkan verir. Texniki dəyərləndirmə və ünsiyyətdəki xüsusi nüanslar İT müsahibələrini digər sahələrdən ayıran əsas özəllikdir.

"İnsan resursları (HR) Mütəxəssisləri cavablandırır" rubrikamızın məqsədi, əmək ekosistemində daha peşəkar şəxslərin formalaşmasına töhfə vermək, işaxtaranların suallarına peşəkar rəyləri almaq, beləliklə prosesin hər iki tərəf üçün faydalılığını artımaqdır.

Əgər siz də HR mütəxəssisi olaraq yazınızın yayımlanmasını istəyirsinizsə elan@hellojob.az e-poçtuna yaza bilərsiniz.

Oxşar yazılar