Təcrübə proqramı üçün necə CV hazırlamaq olar?

27 Avqust 2021 2621

Təcrübə keçmək bir universitet tələbəsinin özünü inkişaf etdirmək üçün edə biləcəyi ən yaxşı şeylərdən biridir. Hər bir tələbə özünü inkişaf etdirə biləcəyi bir şirkətdə təcrübə keçmək istəyər. Təcrübə proqramlarına qəbul almaq üçün isə ilkin olaraq CV hazırlamaq gərəkdir.


Təcrübə proqramı üçün CV hazırlayarkən hələ geniş iş təcrübəsinə malik olmadığınızdan ilk növbədə bacarıqlarınızı, təhsilinizi və digər güclü cəhətlərinizi vurğulamalısınız. Yazmağa kifayət qədər məlumat olmadığını hiss edə biləcəyiniz üçün CV hazırlamaq çətin ola bilər. Bununla birlikdə, CV yazmaq güclü tərəflərinizi və sizi bənzərsiz edən cəhətləri düşünmək üçün bir fürsətdir.


İş təcrübəniz olmasa belə şirkətin komandasına töhfə verəcək əhəmiyyətli bacarıqlarınız ola bilər. Buna görə də könüllülük təcrübəniz, dərsdənkənar fəaliyyətləriniz, qeyri-adi bacarıq, nailiyyət və ya yaradıcı düşüncə nümayiş etdirə biləcəyiniz həyatınızın hər hansı bir sahəsi də daxil olmaqla indiyə qədər əldə etdiyiniz uğurlar haqqında yaza bilərsiniz.


Təcrübə proqramı üçün necə CV hazırlamaq olar?  


Şəxsi məlumatlarınızı əlavə etməklə başlayın

CV-nizin əvvəlində ad və soyad, ünvan, telefon nömrələri və e-poçt ünvanları yazılmalıdır. Bu məlumatların doğruluğundan mütləq əmin olun. Şəxsi məlumatları əlavə edərkən əlaqə vasitələri ilə birlikdə “Linkedin” profilinizin linkini də əlavə etməyiniz məsləhət görülür. Bir tələbə olaraq “Linkedin”i aktiv istifadə etməyiniz mütləq diqqət çəkəcəkdir. 


Əgər bir “Linkedin” profiliniz yoxdursa, yaratmağınız məqsədəuyğundur. Burada karyera qurmaq istədiyiniz insanlar ilə əlaqələr qura, bu sahə barədə xəbərlər, məlumatlar oxuya bilərsiniz. Həmçinin sahənizlə bağlı biliklərinizi, trend xəbərləri və.s paylaşa bilərsiniz.


Özünüz haqqında qısa məlumat yazın

İstər təcrübə proqramı üçün istərsə də iş üçün CV hazırlayarkən bu hissəni unutmamağınız məsləhət görülür. Özünüzü 5 cümlədən çox olmaması şərti ilə CV-də necə ifadə edə biləcəyinizi düşünün.


Bu bölmə CV-yə baxan işəgötürənin diqqətini çəksin deyə CV-də ən üst hissədə, şəxsi məlumatlarla birgə yerləşdirilməlidir. Bu bölmədə xüsusi bacarıqlarınızı, güclü tərəfləriniz, gələcəkdə karyera qurmaq üçün seçdiyiniz sahəni və bu sahəyə olan marağınızı qeyd edə bilərsiniz.


Təhsil haqqında məlumatları əlavə edin

Əgər iş təcrübəniz yoxdursa bu bölmədə təhsilinizi ilk vurğulamağınız vacibdir. Yazarkən tərs xronoloji ardıcıllığı gözləyin, yəni ilk öncə sonuncu təhsil aldığınız sahəni yazın. Bu bölmədə ortalama balı (GPA), universitetə giriş balını, təhsil aldığınız müddətdəki xüsusi nəlaiyyətləriniz varsa, qeyd edin. 


Əvvəl iştirak etdiyiniz könüllülük/təcrübə proqramları vurğulayın

Təhsildə olduğu kimi təcrübələr də tərs xronoloji ardıcıllıqla yazılmalıdır. Könüllülük etdiyiniz və ya təcrübə keçdiyiniz müəssisənin adı, fəaliyyət sahəsi, sizin həmin müəssisədəki fəaliyyətləriniz, öyrəndikləriniz bu hissədə qeyd edilə bilər. 


Texniki və qeyri-texniki bacarıqları qeyd edin

Bu bölmədə bildiyiniz xarici dillər və kompüter bacarıqları haqqında yazılmalıdır. Bildiyiniz dilləri, proqramları yazarkən onların yanında bilik səviyyəsi də əlavə olunmalıdır.

Əlavə olaraq, müraciət etdiyiniz vəzifə üçün xüsusi bacarıqlar da qeyd oluna bilər. 


Ətraflı məlumat üçün “İş üçün vacib fərdi bacarıqlar yazımızı oxuyun.


Təlimlər/Sertifikatları əlavə edin

İştirak etdiyiniz təlimlər, kurslar, sertifikat proqramlarınızı bu hissədə qeyd etməlisiniz. Bu məlumatları qeyd edərkən müracət etdiyiniz sahə ilə əlaqəli olmasına və ya sizə o sahədə xüsusi bilik, bacarıq qatmış olmasına diqqət edin. Kursu, təlimi keçdiyiniz təşkilat və keçirilən tarixi də qeyd etməyi unutmayın.


Son olaraq referans da əlavə edə bilərsiniz

Bu hissədə müəllimləriniz, könüllü ikən çalışdığınız komanda rəhbəri, əvvəlki təcrübələrinizdəki birgə çalışdığınız rəhbərləri qeyd edə bilərsiniz.  Bu hissə bir çox namizəddə boş qaldığı üçün sizə üstünlük qazandıra bilər. 


Yazımızı bəyəndinizsə, dostlarınızla paylaşmağı unutmayın. Uğurlar!


Oxşar yazılar