Asan CV yaratmaq üçün 5 sayt

23 Avqust 2021 9089

İşə müraciət etmək üçün bir CV-yə ehtiyacınız var. Müsahibələrə dəvət ala bilmək üçün düzgün CV hazırlamaq gərəklidir.


Bəs bilirdinizmi işəgötürənlər hər CV-ni nəzərdən keçirmək üçün orta hesabla 8 saniyə vaxt sərf edirlər? Bu o deməkdir ki, iş təcrübəniz və bacarıqlarınızla onların diqqətini çəkmək üçün bir neçə saniyəniz var. 


CV nədir?


CV sizin peşəkar keçmişinizi, bacarıqlarınız əhatə edən sənəddir. Diqqət və zaman ayıraraq yazacağınız CV sizə arzularınızdakı kariyera qapılarını aça bilər. CV hazırlamaq xəyal etdiyimiz işə çatmaq üçün çox vacib bir addımdır. Lakin sıfırdan yeni bir CV yaratmaq yorucu və vaxt alan prosess ola bilər. Ona görə də bu yazımızda asan CV yaratmaq üçün sizə kömək edəcək saytları topladıq. 


Professional və asan CV yaratmaq üçün 5 sayt:


Canva


Həm veb-sayt, həm də tətbiqini istifadə edə biləcəyiniz Canva CV yaratmaq üçün pulsuz və ideal saytların başında gəlir. Canvada pulsuz CV yaratmaq üçün ilk öncə qeydiyyatdan keçməlisiniz. Burada bir çox hazır CV şablonları tapacaqsınız. Tək etməniz gərəkən axtarış bölməsinə “resume” yazmaq və ya kataloqdan CV şablonlarnı tapmaqdır. Vakansiyaya uyğun şablonu tapdıqdan sonra onlayn rejimdə məlumatlarınızı daxil edirsiniz. CV hazır olduqdan sonra onu PDF faylı olaraq yükləyib rahatlıqla istifadə edə bilərsiniz. 


Qeyd edək ki, Canva istifadəsi pulsuz olsa da bəzi şablonları və elementləri yalnız premium istifadəçilərə əlçatandır. Ona görə də şablon seçərkən premium olmamasına diqqət edin. 


Canva saytını Azərbaycan dilində istifadə edə bilərsiniz. 


Novaresume


Bu veb-sayt qeydiyyatdan keçərək rahatlıqla CV-nizi yarada bilərsiniz. Lakin bu veb-sayt sizə bir CV pulsuz yaratmaq imkanı verir. Bir neçə CV hazırlamaq istəsəniz premium hesaba keçməyinizi tələb edəcək. 


Qeydiyyatdan keçdikdən sonra hazır şablonlardan birini seçib CV-nizi rahat hazırlaya bilərsiniz. Bu veb-saytın ən yaxşı tərəfi odur ki, siz məlumatları əlavə etdikcə CV-nin ümumi dizaynını görəcəksiniz və əllə dizaynı dəyişməyə ehtiyac qalmayacaq. 


Bu sayt sizə ingilis dilində CV hazırlayarkən köməyinizə çata bilər. Azərbaycan və ya türk dillərində şablonlar olmadığı üçün Azərbaycan dilində CV hazırlamaq vaxt ala bilir. 


Linkedin


Linkedin profilinizi CV-yə çevirə biləcəyinizdən xəbərdarsınız? Linkedin professional əlaqələr qura biləcəyiniz, iş tapa və trednləri izləyə biləcəyiniz bir sosial şəbəkədir. Burada profil yaratmaqla sizinlə eyni sahədə çalışan peşəkarlarla əlaqələr qura bilərsiniz. Eyni zamanda bir çox işə müraciət edərkən CV-də Linkedin profilinin linki qeyd olunması tələb olunur. Linkedində profiliniz yoxdursa, yaratmağınız tövsiyə olunur.


Linkedin sizə profilinizdə qeyd etdiyiniz məlumatlardan ibarət PDF faylı yükləməyə və ya yenidən yaratmağa ikan verir. Bunun üçün Linkedin profilinizə daxil olursunuz. Çıxan “more” düyməsinə toxunursunuz, sonra çıxan iki variantdan birini seçməklə CV-nizi hazır edə bilərsiniz: PDF olaraq yükləmək (Save to PDF) ya da CV yaratmaq (Build resume).  


CVMaker


CVMaker saytının ən əhəmiyyətli xüsusiyyəti istifadəçilərə Türk dili də daxil olmaqla 17 dildə istifadə imkanı verməsidir. Qeydiyyatdan keçdikdən sonra ana səhifədəki şablon seçərək CV yarada bilərsiniz. Həm pulsuz, həm də premium üzvlük təqdim edən bu saytdan CV -nizi word və pdf formatında yükləyə bilərsiniz.


VisualCv


Bütün dünyada istifadəçilər tərəfindən fəal şəkildə istifadə edilən pulsuz bir CV hazırlama saytıdır. Hazırladığınız və göndərdiyiniz CV -lərin statistikasına baxmaq saytın istifadəçilərinə təklif etdiyi böyük bir üstünlükdür. Saytda hazırladığınız CV ilə birbaşa iş üçün müraciət edə bilərsiniz. İş ərizənizdə e-poçtu neçə nəfərin açdığı və hansı şirkətin CV-yə baxdığı kimi statistik məlumatlarada baxa bilərsiniz. Eyni zamanda, Linkedin hesabınızla sayta daxil olaraq burada olan məlumatları birbaşa CV -yə köçürə bilərsiniz.


Yazını bəyəndinizsə, dostlarınızada faydalı olması üçün paylaşın. Uğurlar!



Oxşar yazılar