Karyeranız üçün xarici dilin önəmi. Necə dil öyrənmək olar?

27 Oktyabr 2020 4844

Xarici dil öyrənmək bəziləri üçün narahatedici, bəziləri üçün isə əyləncəli bir prosesdir. Ancaq hamının ortaq düşüncəsi xarici dil öyrənməyin çətin olmasıdır. Bu gün bir çox insan xarici dilləri demək olar ki, eyni metodlardan istifadə edərək öyrənməyə başlayır. Dili axıcı bir səviyyəyə çatdırmaq üçün göstərdikləri səydən şikayət etməyənlər isə, demək olar ki, yoxdur. 

Xarici dilləri bilmək bizə şəxsi və peşəkar inkişafımız üçün bir çox üstünlüklər verir. İş axtaran insanlar xarici dilin iş tələbləri arasında çox vacib bir meyar olduğunu bilirlər. Böyük və korporativ şirkətlərin iş elanlarını müxtəlif, əsasən, ingilis və rus dilində yayımlamasından da göründüyü kimi karyeranıza uğurlu başlamaq üçün xarici dil önəmlidir. Ölkəmizdə əsasən iki dil, ingilis və rus dilləri tələb olunur. 

İşəgötürənlərin xarici dil bilən kadrları seçmələrinin səbəbləri nədir? 

Xarici əlaqəsi olmayan müəssisələrin belə xarici dil bilikləri tələb etməsinin səbəbi bir çox iş proqramlarının, cihazların dilinin azərbaycan dilində olmaması və iş mühitində terminlərdən geniş istifadədir. 

İş dünyasında istifadə olunan bir çox kompüter proqramının dili xarici dillərdədir. Əlavə olaraq, xarici dil bilən şəxslərin bir çox mənbədən məlumat almaq imkanı bilavasitə işi daha effektiv etməyə fürsət yaradır. 

Necə dil öyrənmək olar? 

Günümüzdə inkişaf etməkdə olan texnologiya və təhsil metodları ilə xarici dildə təməl səviyyədə də olsa qısa müddətdə danışmaq mümkündür. Nizamlı bir şəkildə tətbiq edildikdə müəyyən bir nəticə verəcək addımları sizinlə bölüşürük. 

İntizamlı olmaq: Qeyd etdiyimiz kimi hər dil öyrənmə prosesində uğurlu olmağın sirri davamlı işləmək və məsuliyyətli olmaqdır. Məqsədlərinizi, hədəflərinizi müəyyən edib, plan hazırlayaraq davamlı məşğul olmaq şərtdir. 

Tez-tez istifadə etdiyimiz əşyalardan başlayaq: İlk gündən qrammatik qaydalara fokuslanmaq sizi yora və həvəsdən sala bilər. Ona görə də, hər hansı dili öyrənməyə başlayarkən o dil haqqında məlumatınız yoxdursa, ən çox istifadə olunan sözlər, işlək ifadələr ilə başlaya bilərsiniz. 

Kitablar: Dil öyrənərkən kitabların rolu əvəzsizdir. Kitabları səsli olaraq dinləyərək və oxuyaraq həm dinləmə, həm də oxuma bacarıqlarınızı inkişaf etdirə bilərsiniz. Eyni zamanda, söz ehtiyatını da artırmış olarsınız. 

Dil öyrənələr üçün bir çox məşhur kitabın asanlaşdırılmış və səviyyələrə uyğunlaşdırılmış versiyaları olur. Bu kitabları satın ala və ya YouTube vasitəsilə dinləyə bilərsiniz. 

Sevdiyiniz filmlərə orijinal dilində baxmaq: Xarici dil inkişafının ən vacib amillərindən biri olan dinləmə qabiliyyətini filmlərə baxmaqla inkişaf etdirə bilərsiniz. Xarici filmlərə baxaraq o dili öyrənənlər çoxdur. Dostlarınızdan film tövsiyələrini ala bilər, öyrəndiyiniz dildə həmin filmləri müzakirə edə bilərsiniz. Başlanğıc mərhələdə altyazılı filmlərə baxmaq insanların nə dediyini və sözləri necə tələffüz etdiklərini öyrənməyə imkan verir. İlk başda bildiyiniz dildə altyazı, inkişaf etdikcə filmin dilindəki altyazı (ingiliscə film – ingiliscə altyazı), sonra isə altyazı olmadan baxmaq tövsiyə olunur. 

Telefondan kömək almaq: Telefona dil tətbiqləri yükləyərək yolda, işdə boş zamanlarınızda, yemək fasilələrində məşğul ola bilərsiniz. Eyni zamanda telofonunuzun sistem dilini öyrənmək istədiyiniz dilə çevirməklə o dilə tez bir zamanda uyğunlaşa və yeni sözlər öyrənə vilərsiniz. 

Dil öyrənməyi əyləncəyə çevir: Dil öyrənərkən mahnılar və oyunlardan da kömək ala bilərsiniz. Mahnıların sözlərini oxuyaraq, tərcümə edərək söz ehtiyatınız, dinləmə və oxuma bacarıqlarınızı artıra bilərsiniz. 

Kurslara müraciət etmək: Evdə məşğul ola bilmirsinizsə və ya çətinlik çəkirsinizsə kurslara müraciət edə bilərsiniz. Kurslara qatılmaq üçün vaxtı olmayan insanlar onlayn kurslardan da faydalana bilər. İş saatlarınız xaricində onlayn kurslara qatıla və özünüzü inkişaf etdirə bilərsiniz.

Bundan əlavə Online ingilis dili kursları haqqında ətraflı məlumat almaq üçün keçid edin.


Oxşar yazılar