İş müsahibəsində verə biləcəyiniz 9 sual

06 Mart 2021 7253

Onlarla insanı geridə qoyaraq müsahibə mərhələsinə gələn namizədlər hazırlıqsız olduğuna görə iş müsahibəsində çətin vəziyyətdə qalırlar. Bəzən məhz buna görə işi  itirirlər.

Müsahibəni aparan insan resursları meneceri (və ya şöbə müdiri) sizin bacarıqlarınızdan öncə müsahibəni necə qiymətləndirdiyinizə, məsuliyyətinizə baxır. Bu səbəbdən müsahibəyə hazırlaşmaqla şansınızı 30 - 40% artıra bilərsiniz. Əvvəlcədən hazırlaşmasanız və ya məsuliyyətsiz yanaşsanız, işi əldən verə bilərsiniz.

Unutmayın ki, müsahibə sizin digər namizədlərdən üstünlüyünüzü sərgiləmək və şirkətə özünüzü tanıtmaq üçün bir fürsətdir. Bu mərhələyə gəlmək üçün bəzən yüzlərlə insanı qabaqlamaq lazımdır.

Müsahibəyə hazırlaşarkən ümumi müsahibə suallarına hazırlaşmaqla birlikdə, müsahibədə soruşacağınız sualları da əvvəlcədən müəyyən edə bilərsiniz. Bununla işin və şirkətin sizə uyğun olub-olmadığını müəyyən edə bilərsiniz.

Müsahibənin sonunda “Bizə sualınız varmı?” soruşulduqda bu siyahıdakı suallar sizə bələdçi ola bilər.

Utancaq olmayın

İş görüşməsinə gələn bir çox namizəd sual verməkdə narahat və tərəddüdlü olur. Namizədlər sual vermək hüququ olmadığını düşünürlər. Lakin bu laqeyd münasibət sayıla və işəgötürənin namizəd haqqında mənfi düşünməsinə səbəb ola bilər.

Düzgün suallar vermək ...

Müsahibəni uğursuz tamamlamanın onlarla yolu var. Müsahibəyə gecikmək, müsahibənin ortasında telefonla danışmaq, keçmiş müdiriniz haqqında pis danışmaq və.s . Ancaq başqa bir yol da var. Və bu yersiz suallar verməkdir.

Müsahibə zamanı insan resursları mütəxəssisinə adi suallara deyil, işə və sektora uyğun, doğru suallar verməlisiniz. Bunun üçün siz əvvəlcə müsahibə verəcəyiniz şirkət haqqında məlumata sahib olmalısınız. Şirkət sektoru, iş sahələri, namizəd olduğunuz vəzifəyə dair gözləntilər kimi mövzularda araşdırma edərək suallarınıza cavab tapa bilərsiniz. Öncədən araşdırma etmək müsahibədə məntiqli suallar verməyinizə yol açır.

Soruşmaq istədiyiniz bəzi suallar qarşı tərəfi sevindirməyə bilər. İş saatı və məzuniyyət kimi suallar verilməlidir, ancaq istifadə olunan üsluba diqqət yetirmək lazımdır. Sərt və tənqidi tərzdə verilən suallar müsahibə götürən şəxs tərəfindən səhv başa düşülə bilər.

Vəzifə ilə bağlı suallar

İş elanında çox vaxt ümumi vəzifələr yazılır. Vəzifə ilə bağlı sual verərkən iş elanında yazılmayan məsələləri vurğulayın.

İşçilərinizin uğurlarını necə ölçürsünüz?

Bu sual iş elanında yazılmayan xüsusi məqamları ortaya çıxarmağa kömək edir. İş elanlarında ümumi tapşırıqlar yazılır, lakin iş mühiti haqqında məlumat verilmir. Bu səbəbdən bu sualı verməklə menecerin fəaliyyətinizdən razı qalması üçün nə etməli olduğunuzu anlaya bilərsiniz.

Bu vəzifədə olan insanı hansı çətinliklər gözləyir?

Bu işdə qarşılaşa biləcəyiniz çətinliklər barədə sizi məlumatlandıracaq bir sualdır. Bu sualla keçmiş təcrübələrinizi, çətinliklərinizi danışmaq üçün fürsət də əldə edə bilərsiniz.

Rutin bir iş günü və ya həftəni təsvir edə bilərsinizmi?

Bu sualla sizdə iş günlərinin necə keçəcəyi barədə fikir yarana bilər. 

Bəzi işə götürənlər bu suala "Hər gün fərqli" deyərək cavab verə bilərlər. Belə bir vəziyyətdə, mövcud işçinin gündəlik iş planı barədə bir sual verə bilərsiniz.

Bu vəzifəyə təyin ediləcək şəxsdən ilk 6 ayda ( və ya 3 ay, 1 ay )  gözləntiləriniz nədir?

Bu sualın cavabı sizə işinizin sürəti və şirkətdəki təşkilatın sürəti barədə bir fikir verəcəkdir. Bu sualla şirkətin gələcək layihələri haqqında ipucları da əldə edə bilərsiniz.

Sizcə, insanı bu işdə bacarıqlı edən və başqalarından fərqləndirən hansı xüsusiyyətlərdir?

Bu, bir müsahibədə veriləcək ən güclü sual ola bilər. İnsan resursları menecerləri orta bacarıqlı namizədi deyil, işində yaxşı birini işə almağı hədəfləyirlər. Bu sualı verdiyiniz zaman eyni şeyə əhəmiyyət verdiyinizi göstərə bilərsiniz.

Həqiqətən sizi maraqlandıran sualı verin.

Bəzən namizədlərin müsahibədə sual vermə səbəbi yalnız müsahibini təəccübləndirməyə çalışmaq, fərqli görünmək olur. Lakin siz bu şansınızı sizi həqiqətən maraqlandıran sualları verməyə xərcləyin. Bəlkə ağır iş mühiti sizi qane etmir və ya axşam saatlarında, həftə sonları iş barədə düşünmək, zəng qəbul etmək istəmirsiniz? Bu məsələləri bilmədən işə başlamaq sonradan narazılıqla nəticələnə bilər.

Əlavə olaraq: Çalışacağınız komanda ilə bağlı suallar

Hər gün işlədiyiniz insanlar işinizi çox yaxşı və ya pis yerə apara bilər. Sizin üçün uyğun komandanın olub olmadığını öyrənmək üçün bəzi suallar verə bilərsiniz.

  • Çalışacağım komanda haqqında məlumat verə bilərsiniz?

  • Birbaşa kimə hesabat verəcəyəm?

  • Komandanın ən böyük üstünlükləri və problemləri nələrdir?

  • Bu bölmə ilə daha çox hansı şöbələr işləyir?

 

Oxşar yazılar