Arzularınızın arxasınca gedin.

21 Sentyabr 2020 3507

Uşaqkən Şotlandiya ilə çox maraqlanırdım. Oradakı qəsrlər, yaşıl təbiət və mehriban insanlar... Nə vaxtsa orda yaşayacağımı, qarış-qarış gəzəcəyimi və insanları ilə dostlaşacağımı xəyal edirdim. Lakin, uzun müddət bütün bunlar elə xəyal olaraq da qalırdı.

Digər arzum isə nə vaxtsa Avropanın prestijli universitetlərinin birində tələbə həyatı yaşamaq idi. Lakin elə bu arzumu da, məndən asılı olmayan səbəblərə görə, həyata keçirmək uzun müddət alınmırdı.

Xasiyyətimin hər zaman birinci olmaq, çalışmaq, öyrənmək, “səndə bu alınmaz” dediklərinin əksini sübüt etmək kimi bir xüsusiyyəti var. Bu istər məktəbdə, istər universitet zamanı mənə bir çox uğurlar əldə etməyə kömək edib. Gənc olduğum üçün uğursuzluqlara çox məyus olurdum və məndən asılı olmayan səbəblərə görə uğursuzluqlarla rastlaşanda çox vaxt üsyan edirdim. Belə bir uğursuzluqların biri də ali təhsilimin ikinci pilləsində baş vermişdi. Belə ki, imtahanlar zamanı çox çalışıb, lazım olan nəticəni əldə etdiyimə baxmayaraq, dövlət hesabına deyil ödənişli əsaslarla olan ixtisasa qəbul olmuşdum. Haqsızlığa üsyan etsəm də, heç bir nəticə əldə edə bilməmişdim və beləliklə, artıq bu ölkədə növbəti təhsil pillələrinə qəbul olmayacağımı özümə söz verib, bu təhsili valideynlərin təkidi ilə bitirib, həyatın növbəti pilləsinə atıldım. Belə ki, müxtəlif sınaqlardan keçib, ölkədə nüfüzlu sayılan bir təşkilatda işə başladım və bu sahədə kifayət qədər uğur əldə etdim. 

Həyat öz axarı ilə çox sürətlə davam edirdi. Universiteti bitirəndən artıq 10 il keçmişdi. Mən artıq ailə qurmuşdum, işdə də karyera pilləsinin yüksək səviyyəsinə qalxmışdım. Ortastatistik insanın nailiyyətlərindən daha çoxunu əldə etmişdim. Uşaqlıq arzularımı unutmasam da, artıq real olacağı çox çətin və mənasız görünürdü.

Lakin bir gün rastıma çıxan bir informasiya hər şeyi bir anda dəyişdi. Xüsusi bir proqram xarici universitetlərə qəbul olmuş tələbələrin xərclərini qarşılayırdı. Lakin bu vəsaiti əldə etmək üçün bir çox sınaqdan keçmək lazım idi. Tərəddüdlərlə dolu idim. Yaşım tələbəlik üçün biraz çox görünürdü, nüfuzlu işimi atıb, başqa bir ölkəyə köçməliydim, ailəmdən ayrı düşəcəkdim, öyrəndiyim maliyyə sərbəstliyim artıq xeyli azalacaqdı və nəhayət çəkdiyim əziyyətlərin sonunda o təqaüdü almamaq ehtimalı böyük idi. 

Lakin uşaqlıq arzum ürəyimdə yenidən canlandı və bu müsabiqəyə qatılmağa qərar verdim. 

İlk çətinliyim: Universitetlərə qəbul üçün verəcəyim imtahanların işimin ən gərgin vaxtı ilə üst üstə düşməsi həmin imtahanlara hazırlığı xeyli çətinləşdirirdi. Gündüzlər gərgin işləyib, axşamlar gərgin hazırlaşırdım. Nəticədə müraciət etdiyim bütün universitetlərdən öz ixtisasım üzrə qəbul məktubu aldım. Sevincimin həddi hüdudu yox idi.

Növbəti addım isə bu ixtisas üzrə 1 universitet seçib, təqaüd almaq üçün həmin proqrama müraciət etmək idi. Müraciət zamanı niyə məhz bu universiteti seçməyimi beynəlxalq reytinq və statistikalar ilə əsaslandırıb, həmin universitetin bu ixtisas üzrə ən yaxşısı olduğunu sübüt etməliydim. 12 universitet içində diqqətimi ən çox çəkən bir universitet idi ki, bu ixtisas üzrə reytinqlərdə ən yüksək pillələrdə idi və elə onu seçib müraciət etdim. 

Seçimlər çox ciddi və yüksək rəqabətlə keçirdi. Lakin bütün sınaqlardan uğurla keçdim və artıq sevinməyə başlamışdım ki, seçim komissiyasından zəng edib dedilər ki, şərtlərə görə dövlət sizi eyni təhsil pilləsi üzrə 2 dəfə maliyyələşdirə bilməz və o zaman komissiya üzvünə həmin təhsil üzrə ödənişli əsaslarla oxuduğumu bildirəndə hansı hisslər keçirdiyimi anlatmaq çətin idi. 

Nəhayət, təqaüdü alıb, Avropanın ən nüfuzlu universitetlərindən birində təhsil almaq üçün Şotlandiyaya yollandım...

Xeyli zaman keçib. Mən artıq Vətənə qayıtmışam. Yeni bir şirkətdə rəhbərəm və tamamilə fərqli bir sahədə çalışıram. Lakin bu məsələyə növbəti yazılarımda toxunacam.

İndi mən artıq digər arzularımın həyata keçirilməsi üzərində çalışıram və bütün hamısının real olacağına heç şübhəm yoxdur.

Bu həyat təcrübəsi mənə nələri öyrətdi:

  1. Əzmlə çalışsaz mütləq bəhrəsini görəcəksiniz.
  2. Sizə uğursuzluq kimi görünənlər, əslində böyük uğurun bir hissəsidir.
  3. Ümidinizi heç bir zaman itirməyin.
  4. Hər bir arzunun həyata keçmə zamanı var. Gün gələr, həyat pazlının bütün hissələri sizin arzunuzu yerinə yetirmək üçün ən gözəl şəkildə birləşər.
  5. Heç vaxt gec deyil, arzularınızın arxasınca gedin.

    Bundan əlavə Xaricdə magistratura təhsili haqqında ətraflı məlumat almaq üçün keçid edin.


Oxşar yazılar