80-20 (Pareto) prinsipinin karyeranıza və işlərinizə təsiri

23 Fevral 2021 3458

Həyatın böyük əksəriyyəti xoşbəxtlik axtarmağa sərf olunur. Bu, iş həyatınızda, dostlarınızla münasibətlərinizdə, tətildə və.s qarşılaşdığınız bir vəziyyətdir. İnsanlar harada olurlarsa olsun xoşbəxt olmaq istəyirlər. İş həyatında da xoşbəxtliyi təmin etmək üçün bəzi ipuclarını öyrənmək lazımdır. Müxtəlif metodlarla iş həyatında xoşbəxtlik və hüzuru təmin etmək mümkündür.

İş günün böyük bir hissəsini aldığı üçün bu vəziyyətdən narahat ola bilərsiniz. Gününüzün böyük bir hissəsini işə həsr etmək istəmirsinizsə, yerinə yetirməyiniz lazım olan bir qayda var: 80-20 prinsipi.

80-20 prinsipi haradan gəlir?

İtalyan iqtisadçı və sosioloq Vilfredo Pareto tərəfindən 1906-cı ildə kəşf edilən 80-20 prinsipi ixtiraçısının soyadı ilə tanınır. Ona görə də "Pareto Prinsipi" də adlanır.

İtaliyanın gəlir bölgüsünü araşdıran Vilfredo ölkədəki var-dövlətin 80%-nin əhalinin 20%-nə aid olduğunu aşkar etmişdi. Vəziyyətin digər ölkələrdə də eyni olduğunu görən Vilfredo, sərvətin yalnız ölkənin çox kiçik bir hissəsinə aid olduğunu görmüşdü.

Harada qarşınıza çıxa bilər?

Pareto prinsipi təkcə iqtisadiyyatda deyil, demək olar ki, həyatınıza toxunan hər sahədə etibarlıdır. Bu prinsip qidalanmadan daşınmaz əmlak sektoruna, iş həyatından kompüter elmlərinə qədər istifadə olunur. 80-20 qaydasının məntiqini anlayaraq tətbiqi sayəsində məhsuldarlığınızı və qazancınızı artıra bilərsiniz.

Bu rəqəm həmişə 80-20 olmaya bilir. 88-12 99-1, 90-10 və.s  ola bilər. Bu nöqtədə hansı ədədi dəyəri istifadə etməyiniz vacib deyil. Önəmli olan xoşbəxtliyinizin və yaşadıqlarınızın böyük əksəriyyətinin (təxminən 80%-nin) həyatınızda etdiyiniz ümumi fəaliyyətlərin az bir hissəsinin (təxminən 20%-nin) nəticəsi olduğunu başa düşməkdir.

80-20 qaydasına aid nümunələr

80-20 qaydası bir az ümumiləşdirmə kimi görünsə də, bunun doğruluğu sizi təəccübləndirəcək.

  • Gəlirinizin 80%-i müştərilərinizin 20% -dən gəlir.
  • Müştəri şikayətlərinizin 80%-i ümumi məhsulların 20%-dən gəlir. ( Məsələn, məişət avadanlıqları satırsınız. Soyuduculardan şikayətlənilir və bu sizin ümumi məhsulun təxminən 20%-ni təşkil edir)
  • Komandanızın məhsuldarlığının 80%-i komanda üzvlərinin 20%-nin əldə etdiyi nəticəyə görədir.

Və ya

  • Geyindiyiniz paltarların 80%-i qarderobunuzdakı ümumi paltarların 20%-ni təşkil edir.
  • Telefonunuza sərf etdiyiniz vaxtın 80%-i yüklədiyiniz tətbiqlərin 20%-ə həsr olunur
  • İşdə əldə etdiyiniz uğurun 80%-i sərf etdiyiniz vaxtın 20%-inin nəticəsidir.

Əlbəttə ki, bu rəqəmlər həmişə dəqiq olmayacaq. Ancaq Pareto prinsipi və onun həyatınıza necə təsir etdiyini düşünməyə başlamaqla müsbət yöndə dəyişikliklər edə bilərsiniz.

Gündəlik həyatınızda 80-20 prinsipini tətbiq etdiyiniz bir çox nümunə tapa bilərsiniz.

Telefon danışıqlarınızın əksər vaxtını bir neçə insana hərs edirsiniz ( ailəniz, dostunuz və.s). Pulunuzun çox hissəsini kirayə, kredit ödəməsi və ya qidalanma kimi yalnız bir neçə yerə xərcləyirsiniz. Tanıdığınız çox insan var, amma günün çox hissəsini bir neçə nəfərlə keçirirsiniz və.s.

İş həyatında bu prinsipin rolu

İş həyatında 80-20 prinsipi məhsuldarlığı maksimum dərəcədə artırmaq üçün ən yaxşı üsullardan biridir. Bu prinsipi tətbiq edərək ən önəmli işlərə fokuslana bilər və məhsuldarlığı artıra bilərsiniz.

Bu prinsipi tətbiq edərək aşağı gəlirli müştərilərdən çox, gəlirlərinizin əksəriyyətini təşkil edən müştərilər üçün xidmətlərinizi və məhsullarınızı inkişaf etdirə bilərsiniz.

Gəlirlərin böyük bir hissəsini yaradan xidmətlər və ya məhsulların nisbətini (yüzdə 20) müəyyənləşdirə və onlara daha çox diqqət ayıra bilərsiniz. Sizin üçün ən çox dəyər yaradan işlərə ən çox səyi göstərərək qazancınızı artırmağa nail olarsınız.

Tətbiqi

Hal-hazırda əldə etmək istədiyiniz bütün hədəfləri və onlara çatmaq istədiyiniz real vaxtı yazmaqla başlaya bilərsiniz. Bu, istər işiniz, istər şəxsi inkişafınız, istərsə də həyatınızın başqa bir cəhəti ilə bağlı ola bilər. Sonra, bu hədəflərə çatmağa kömək edəcək addımları yaza bilərsiniz. Bu addımlardan ən böyük nəticəni verəcək 20%-i təyin edib, onlara fokuslanaraq səmərəli işləmiş olarsınız.

Başqa hansı sahələrdə tətbiq etmək olar?

Uğurlu insanlar vaxtlarının yüzdə 80-i etdikləri işlərin yalnız yüzdə 20-nə sərf edirlər. Buna görə özü üçün bir və ya iki sahəni seçir və bunlara diqqət yetirirlər. Məsələn, skripka ifaçısı vaxtının 80 faizini skripka ilə məşqlərə sərf edir.

Əslində, məsələ çox sadədir, diqqətinizi ən yaxşı nəticə gətirən fəaliyyətlərə yönəltməlisiniz. Bunu həm işinizdə, həm də şəxsi həyatınızda edə bilərsiniz. 

Bir çox insan üçün ən böyük problem odur ki, həyatlarını sevdikləri şeylər üzərində qura bilmirlər. Məsələn, ünsiyyət bacarıqlarınız çox yaxşıdır və satışda çox uğurlusunuz. Siz isə marketinq üzrə çalışırsınız. Bəlkə də, sadəcə satış sahəsinə yönəlsəniz daha çox uğur və gəlir əldə edəcəksiniz.

Bu, həm də fikrinizi bir və ən yaxşı olduğunuz hissəyə yönləndirməyinizə kömək edir. Parçalanmanın qarşısı alınır, məsuliyyət və vəzifələriniz azalır, ən yüksək səmərəliliyi və mənfəəti əldə edə bilirsiniz. Eyni maaş alsanız belə, daha az səylə bunu əldə edirsiniz.

Görülməli olan işlərin yüzdə iyirmisini doğru bir şəkildə seçə bilsəniz, bu, vaxtın düzgün idarə edilməsinə, təcili və vacib işləri fərqləndirməyinizə kömək edəcək.

Nəticə olaraq, özünüz üçün ən yaxşı nəticə gətirən fəaliyyətlərə diqqət yetirə və hər gün ediləcək işlər siyahısı yaradaraq (to do list) dəyər yaradan şeylərə üstünlük verə biləcəksiniz.

Başqa bir nümunə imtahana hazırlanan tələbə modelidir. Hər birimiz bu vəziyyətlə qarşılaşmışıq ya da qarşılaşan birini tanıyırıq. Çox çalışdığını deyən, amma az bal toplayan, bundan şikəyat edən tələbələr çoxdur. O tələbələr bir detalı unudurlar: səmərəli oxumaq. Vaxtlarının 80%-i onlar üçün vacib olan məsələlər üzərində işləmir, əvvəlcədən bildikləri mövzuları oxuyurlar. Bildikləri mövzuda daha çox məsələ həll edərək, çox oxuduqlarını zənn edirlər. Əslində vaxtlarını bilmədikləri mövzulara sərf etsələr, daha yükək nəticə əldə edəcəklər.

Burdan belə nəticəyə gəlmək olar:

  • Əhəmiyyətli olan çox çalışmaq deyil, az amma səmərəli işləyərək daha yüksək effektivlik əldə etməkdir.
  • Hər kəsin getdiyi yolla deyil, yaxşı olduğun yolla get.
  • İstəklərinizə diqqət yetirin, sizi sevindirən şeylərin ardınca gedin.

80-20 prinsipini öz karyeranızda harada istifadə edə biləcəyiniz barədə nümunə:

Freelancer olaraq işləyirsinizsə : Sizə ən çox gəlir gətirən 20% müştərini müəyyən edin. Digər müştərilərinizə də əla xidmət göstərə bilərsiniz, lakin digər 80% sizin üçün ən vacib prioritet olmamalıdır. Bunu müəyyən etməklə siz əsas müştərilərdən yayındıracaq xırda işləri görməklə vaxtınızı hədər etməyəcəksiniz. 

80-20 prinsipinin verdiyi bəzi faydalar:

Düzgün vaxt idarəetməsi

Ən çox nəticə verən tapşırıqları müəyyənləşdirərək gününüzü işinizə ən təsirli təsir göstərən tapşırıqlara yönəldə bilərsiniz.

Effektiv liderlik bacarıqları

 Liderlik bacarıqlarınızı inkişaf etdirmək istəyirsinizsə, 80-20 prinsipini komandanızla ünsiyyət qurmağa, bir mentor kimi xidmət etməyə və komanda birliyini yaratmaq üçün başqa imkanlar axtarmağa vaxt ayırmaq üçün istifadə edə bilərsiniz. 

Şirkət resurslarından daha yaxşı istifadə

80-20 prinsipi rəqiblərinizi və ya sənaye trendlərini araşdırmaq, işə qəbul prosedurlarını asanlaşdırmaq və şirkət mədəniyyətini yaxşılaşdırmaq üçün şirkətinizin vaxtından və resurslarından daha yaxşı istifadə etməyinizə kömək edə bilər.

Kitab Tövsiyəsi

Bu mövzuda daha ətraflı məlumat almaq istəsəniz, Riçard Koxun “80-20 prinsipi” adlı kitabını oxuya bilərsiniz.

Kitab

Kitabın vermək istədiyi yalnız bir fikir var. Bunu sizə müxtəlif nümunələrlə təqdim edir. Müəllif boşa gedən vaxtınızı, cüzi şeylərə necə qapıldığınızı və vacib məqamları qaçırdığınızı izah edir. Bu vacib məqamları gördüyünüz an qazanmağa başlayırsınız.

Oxşar yazılar