Analitik düşüncə nədir? Bu bacarığı necə inkişaf etdirmək olar?

31 Oktyabr 2020 18715

Son dövrdə insanlar iş mühitində qarşılaşdıqları problemləri tez bir zamanda həll etməyə və bir neçə işi eyni vaxta görməyə məcbur olurlar. Bu mürəkkəb problemlərin öhdəsindən gəlmək üçün mərhələlərə ayıraraq və təhlil edərək həll yolları tapmaq insanlara rahatlıq yarada bilər. Problemi kiçik mərhələlərə ayırmaq və təhlil etmək kimi bacarıqlar analitik düşüncənin köməyi ilə əldə edilir.

Analitik düşüncə bacarığı bir çox sahədə tələb olunur. Son vaxtlar iş elanlarında tələb olunan xüsusiyyətlər arasında analitik düşünmə bacarıqlarına sahib olmaq kimi bir ifadə öz yerini tapır. Bu səbəbdən bu bacarığın nə qədər vacib olduğunu və necə istifadə edildiyini öyrənmək zəruridir.

Analitik düşüncə, mürəkkəb məsələləri araşdırmağa, qərarlar qəbul etməyə və həll yollarını inkişaf etdirməyə kömək edir.


Analitik düşüncə nədir?

Analitik düşüncə, fərdin qarşılaşdığı problemləri tez və təsirli şəkildə həll etməsini təmin edən düşüncə metodudur. Analitik düşüncə mürəkkəb və çətin problemlərin mənbəyini araşdıraraq, onları sadələşdirərək, kiçik parçalara ayıraraq həll etməyə kömək edir. İnsanların uğurlarını və məhsuldarlığını artırmaqda təsirli olur.



Analitik düşünmə üsulları hansılardır?

Analitik düşünmənin hələ müəyyən bir texnika və ya bir üsulu olmasa da, bu düşünmə bacarığının daha təsirli tətbiqinə kömək edən üsullar var. Bu metodlardan ən geniş yayılmışı aşağıdakılardır:

Tənqidi Düşüncə: Cəmiyyətdə tənqid sözü bir çox hallarda mənfi mənada qəbul edilir. Ancaq tənqidi düşüncə yalnız mənfi deyil, həm də müsbət olanı ifadə etmək deməkdir. Tənqidi düşüncə ilə qarşılaşılan problemin bütün aspektləri müəyyən edilə bilər. Problemin səbəblərini anlamaq üçün bir bələdçi ola bilər. 

Problemi və onun mənbəsini düzgün müəyyənləşdirmək çox vaxt problemin həllindən daha çətindir. Tənqidi yanaşma sayəsində analitik düşünmə prosesini inkişaf etdirməklə düzgün qərar qəbul etmə ehtimalı artırıla bilər.

Məlumat analizi: Problemi və mənbəsini təyin etdikdən sonra həll yollarını müəyyənləşdirmək lazımdır. Həlləri təyin etmək üçün məlumatların necə araşdırılacağını bilmək gərəkdir. Məlumat analizinin aparılması analitik düşüncə metodunun əsas hissələrindən biridir.

Tədqiqat aparmaq: Bir problem müəyyən edildikdən sonra həll yollarını təyin etmək üçün araşdırma aparmaq lazımdır. Mövzu ilə bağlı məlumatlı insanlarla görüşmək, müvafiq mənbələri tapmaq və onları araşdırmaq və nəticə çıxara bilmək analitik düşüncə metodunun əsas tərkib hisələrindən bir digəridir.

Ünsiyyət: Problemləri müəyyənləşdirərkən, onlar haqqında araşdırmalar apararkən və həll yolları hazırlayarkən əlaqədar insanlarla daim ünsiyyətdə olmaq lazımdır. Düşüncəni inkişaf etdirmək üçün əldə edilənləri fərdlərə və ya qruplara çatdırmaq çox vacibdir. Ünsiyyət zamanı məlumatları aydın və tam çatdırmaq problemlərin daha asan həll olunmasına kömək edir. 

Problemin həlli: Problemlərə uyğun həll yolları inkişaf etdirilərkən araşdırmada ortaya çıxan məlumatların təhlili və təşkil edilməsi lazımdır. Problem həll etmə bacarıqlarını inkişaf etdirməklə analitik düşüncə gücləndirilə bilər.


Analitik düşüncə bacarıqlarının inkişaf etdirilməsi metodları

Riyazi məsələlərin həlli: Riyazi məsələlər həll etmək problemləri mərhələlərə ayırmağı öyrədir və analiz qabilliyətini artırır. Praktiki analiz bacarıqlarının inkişafı üçün riyazi məsələlər həll etmək tövsiyə olunur.

Zehin oyunları: Bir çox insanın hobbisi  olan oyunları öyrənmə vasitəsinə çevirə bilərsiniz. Strategiyalar quraraq oynanılan oyunlar dərin düşünməyi və analitik bacarıqların inkişafı təmin edən vasitələrdir. Bu cür oyunları ilə əylənərkən analitik bacarıqları inkişaf etdirmək olar. Lakin alüdəçisi olmamağa diqqət edin.

Detektiv kitablar və filmlər: Boş vaxtlarınızda detektiv janrda olan kitablar oxumaq və filmlərə baxmaqla analiz qabiliyyətinizi artıra bilərsiniz. Bu əsərlər hadisələr arasında bağlantı qurmağa, təfərrüatlara diqqət yetirməyə və baş verənləri sorğulamağa kömək edəcəkdir.

Müzakirə klublarına qoşulmaq: Bu qruplar insanların fərqli mövzularda ünsiyyət quraraq fikirlərini inkişaf etdirmələri və fərqli perspektivləri araşdırmaları üçün çox faydalıdır. Analitik bacarıqların və özünü ifadə etmə bacarıqlarının inkişafı müzakirələrə qoşulmaqla əldə edilə bilər.

Detallara diqqət etmək: Analitik düşüncənin əsası detallara diqqət etməkdir. Problemləri həll edərkən problemi təfərrüatlarına bölərək qiymətləndirmək lazımdır. Analitik bacarıqları inkişaf etdirmək üçün hər cür detal üzərində düşünmək vacibdir.

Bağlantıları araşdırmaq: Gündəlik həyatda olduğu kimi iş həyatında proseslər bir birinə bağlı olur. Bu bağlantıları araşdırmaq analitik bacarıqların inkişafına kömək edir.


Analitik düçüncə qabiliyyəti inkişaf etmiş insanlar araşdırmağa və sorğulamağa daha çox meyllidirlər. Hətta ümumi olaraq qəbul edilmiş nəzəriyyələri araşdırıb sorğulaya bilərlər. Bu şəkildə son nəticənin şəraitdən asılı olaraq dəyişə biləcəyinin fərqində olurlar.

Oxşar yazılar