Qaydalar

hellojob.az-dan istifadə etməzdən əvvəl bu qaydaları diqqətlə oxuyun. Saytdan istifadə etməklə aşağıdakı şərtləri qəbul etmiş olursunuz.

Son yenilənmə: 20 oktyabr 2026

  • Elanın yayım müddəti30 gün
  • Elanların yoxlanılmasıMaks. 24 saat
  • CV yerləşdirməkÖdənişsiz

Ümumi şərtlər

Bu bölmə hellojob.az-ın ümumi qaydalarını və hüquqi məsuliyyətlərini özündə əks etdirir. Zəhmət olmasa, saytımızdan istifadə etməzdən əvvəl aşağıdakıları diqqətlə oxuyun.

Əgər aşağıda qeyd olunan şərtləri qismən və/və ya tam qəbul etmirsinizsə, hellojob.az-dan heç bir məqsəd üçün istifadə etməyin.

Anlayışlar

  1. Sayt – hellojob.az vebsaytı və onun bütün xidmətləri.
  2. İstifadəçi – saytdan istənilən formada istifadə edən şəxs.
  3. Namizəd – saytda CV yerləşdirən və ya vakansiyaya müraciət edən istifadəçi.
  4. İşəgötürən – saytda şirkət hesabı açan və vakansiya yerləşdirən şəxs və ya təşkilat.
  5. Elan – işəgötürənin saytda yerləşdirdiyi vakansiya.
  6. CV bazası – namizədlərin ümumi bazaya açıq yerləşdirdiyi CV-lər toplusu.

Hesab və qeydiyyat

  1. Qeydiyyat zamanı verilən məlumatlar doğru və aktual olmalıdır.
  2. Hesabın giriş məlumatlarının qorunmasına görə istifadəçi özü məsuliyyət daşıyır. Hesab üzərindən edilən bütün əməliyyatlar hesab sahibinə aid sayılır.
  3. Bir şəxs və ya şirkət adına bir neçə hesab açmaq, başqasının adından hesab yaratmaq qadağandır.
  4. Qaydaları pozan hesablar xəbərdarlıq edilmədən məhdudlaşdırıla və ya bloklana bilər.
  5. İstifadəçi hesabını istənilən vaxt hesab ayarlarından silə bilər.

Məsuliyyətin hüdudları

  1. hellojob.az saytdakı şirkət məzmununa və namizəd məlumatlarına görə heç bir şəkildə cavabdeh deyil və məsuliyyət daşımır.
  2. Saytda CV-si olan istifadəçi öz CV-sindəki məlumatlara görə məsuliyyət daşıyan yeganə şəxsdir.
  3. hellojob.az işəgötürən deyil. İşəgötürən şirkətlə əlaqə saxlayan namizəd bütün məsuliyyəti öz üzərinə götürür. Bu prosesdə hellojob.az heç bir məsuliyyət daşımır.
  4. hellojob.az elanlara daxil olan müraciətlərin sayına görə cavabdeh deyil və işçi tapılmasına zəmanət vermir.
  5. hellojob.az saytın proqram təminatında xətaların olmamasına və saytda virusların olub-olmamasına görə məsuliyyət daşımır. Saytdakı hər hansı proqram təminatı səbəbindən istifadə etdiyiniz proqram təminatına və/və ya qurğuya ziyan dəyərsə, şirkətimiz bununla bağlı məsuliyyət daşımır.
  6. hellojob.az öz marketinq fəaliyyətləri üçün vakansiya və CV-lərlə bağlı bütün məlumatlardan istifadə etmək hüququna malikdir.

Vakansiya yerləşdirmə qaydaları

Yayım və təsdiq

  1. Vakansiyaların saytda yayımlanma müddəti 30 gündür.
  2. Sayta əlavə olunan elanlar maksimum 24 saat ərzində yoxlanılır. Yoxlamadan sonra elan düzəliş üçün geri göndərilərsə, düzəlişin gözlənildiyi vaxt bu müddətə daxil deyil.
  3. hellojob.az-da yayımlanan elanlar isbu.az saytında da paylaşıla bilər.

Elanın məzmunu

  1. Vakansiyanın adı ilə kateqoriyası uyğun olmalıdır. Bu məlumat səhv daxil edilibsə, sayt onu düzəltməyi öz öhdəsinə götürür.
  2. Bir vakansiya başlığında yalnız bir vəzifə adı qeyd oluna bilər.
  3. “İş haqqında məlumat” və “Namizədə tələblər” xanaları vakansiyanı ətraflı izah edəcək şəkildə aydın doldurulmalıdır.
  4. Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
  5. Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya düzəliş üçün geri göndərilir.

Əmək haqqı

  1. Əmək haqqı yalnız AZN ilə göstərilməlidir. Əmək haqqı xanası boş saxlanılarsa, saytda “Razılaşma yolu ilə” göstərilir.
  2. Əmək haqqı məbləği həqiqətə uyğun olmalıdır. Reallığı əks etdirməyən məbləğ və ya çox geniş interval düzəliş üçün geri göndərilir.

Dərc olunmuş elanın redaktəsi

  1. Dərc olunmuş vakansiyanın adını dəyişmək qadağandır.
  2. Dərc olunmuş vakansiyanın “İş haqqında məlumat” və ya “Namizədə tələblər” bölməsini bütünlüklə dəyişmək və ya yeni məlumatla əvəz etmək qadağandır.

Qəbul olunmayan elanlar

  1. Tibbi məhsulların, kosmetika və zinət əşyalarının onlayn satışı, kütləvi işə qəbul elanları, eləcə də namizəddən ödəniş tələb edən vakansiyalar qəbul olunmur.
  2. Dərman preparatlarının satışı, kriptovalyuta alqı-satqısı və bu kimi fəaliyyətlərlə bağlı vakansiyaların yerləşdirilməsindən imtina edilə bilər. Yuxarıdakı hallarda ödəniş geri qaytarılır.
  3. Şəbəkə marketinqi növündə olan vakansiyalar qəbul olunmur.
  4. Şübhəli fəaliyyət növü olan, fəaliyyət istiqaməti bəlli olmayan və ölkədən kənarda olan vakansiyalar qəbul olunmur.
  5. Şirkət haqqında kifayət qədər məlumat tapılmadıqda elanın yerləşdirilməsindən imtina edilə bilər. Bu halda ödənilən məbləğ elanı yerləşdirən şəxsin hesabına geri köçürülür.
  6. Elan saytın qaydalarına uyğun olmadığı üçün geri qaytarılan ödəniş 15 iş günü ərzində hesaba geri köçürülür.
Elanla bağlı fırıldaqçılıq və ya dələduzluq şikayəti daxil olarsa və şikayət əsaslı hesab edilərsə, elan dərhal bloklanır və platformadan silinir. Bu halda elanın yayımlanma müddəti 1 gündən artıqdırsa, ödəniş geri qaytarılmır.

Ödənişlər və paketlər

  1. Elan paketlərinin qiymətləri və şərtləri şirkət hesabında, “Paketlər” bölməsində göstərilir.
  2. Ödəniş onlayn qaydada və ya rəsmi köçürmə yolu ilə qəbul edilir. Ödənişin qəbzi elan sahibinə hellojob.az-ın rəsmi e-poçt ünvanından göndərilir.
  3. Elan dərc olunduqdan sonra istifadə edilmiş paket üzrə ödəniş geri qaytarılmır (bu qaydalarda göstərilən hallar istisna olmaqla).

CV yerləşdirmə qaydaları

Ümumi

  1. CV-nin saytda yerləşdirilməsi ödənişsizdir.
  2. CV siz onu deaktiv edənə qədər saytda yayımlanır.

CV-nin məzmunu

  1. “Vəzifə” bölməsində yalnız bir vəzifə adı qeyd oluna bilər. Bir neçə vəzifə qeyd olunan CV-lər qəbul olunmur və redaktə üçün geri göndərilir.
  2. Vəzifənin adı ilə kateqoriya uyğun olmalıdır. Bu məlumat səhv daxil edilibsə, sayt onu düzəltməyi öz öhdəsinə götürür.
  3. CV-yə əlavə olunan şəkil ümumi qəbul olunmuş CV normalarına uyğun olmalıdır. Əks halda CV şəkilsiz dərc olunur.
  4. “Təhsil” xanasında bitirdiyiniz təhsil müəssisəsinin adı, ixtisas və təhsil illəri qeyd olunmalıdır.
  5. “İş təcrübəsi” xanasında iş yeri, vəzifə və işlədiyiniz müddət qeyd olunmalıdır.
  6. “Bacarıq və sertifikatlar” xanasında ümumi bacarıqlarınız, iştirak etdiyiniz layihələr üzrə aldığınız sertifikatlar və s. qeyd olunmalıdır.
  7. “Biliklər” xanasında peşəkar biliklər, dil bilikləri, kompüter proqramları və s. qeyd olunmalıdır.
  8. Əmək haqqı yalnız AZN ilə göstərilməlidir. Əmək haqqı xanası boş saxlanılarsa, saytda “Razılaşma yolu ilə” göstərilir.

Yoxlama və məhdudiyyətlər

  1. Leksik, qrammatik və orfoqrafik normalara uyğun olmayan mətni redaktə etməyi sayt öz öhdəsinə götürür.
  2. Natamam və ya normalara uyğun olmayan məlumatlar qəbul olunmur və ya düzəliş üçün geri göndərilir.
  3. Dərc olunmuş CV-də vəzifə adını dəyişmək qadağandır.
  4. Şübhəli fəaliyyət növü olan və ya fəaliyyət istiqaməti bəlli olmayan CV-lər qəbul olunmur.
  5. Sizə daxil olan müraciətlərə və telefon zənglərinə görə sayt məsuliyyət daşımır. CV-də telefon nömrəsi göstərmək məcburi deyil.

Müraciət qaydaları

  1. Namizəd yalnız ixtisasına və təcrübəsinə uyğun vakansiyalara müraciət etməlidir.
  2. Müraciət zamanı göndərilən CV və məlumatlar elanı yerləşdirən işəgötürənə ötürülür.
  3. İşəgötürənin müraciətə cavab verib-verməməsinə görə sayt məsuliyyət daşımır.

CV bazasına giriş və istifadə

  1. CV bazası yalnız qeydiyyatdan keçmiş, şirkəti təsdiqlənmiş və vakansiya üçün ödəniş etmiş işəgötürənlər üçün açıqdır.
  2. İşəgötürənlər CV bazasından yalnız işə qəbul məqsədilə istifadə edə bilərlər.
  3. CV məlumatlarının üçüncü şəxslərə ötürülməsi, satılması və ya başqa məqsədlərlə istifadəsi qəti qadağandır.
  4. CV məlumatlarını bu qaydalara zidd olaraq üçüncü şəxslərə ötürən və ya yayan işəgötürən bütün məsuliyyəti öz üzərinə götürür. Belə hallara görə hellojob.az məsuliyyət daşımır, qaydanı pozan şirkətin hesabı isə bloklana bilər.

Moderasiya

  1. Saytda yerləşdirilən bütün elanlar və ümumi bazaya açıq CV-lər dərcdən əvvəl yoxlanılır.
  2. Yoxlama sayt əməkdaşları və avtomatlaşdırılmış sistemlər tərəfindən aparıla bilər.
  3. Sayt qaydalara uyğun olmayan məzmunu redaktə etmək, geri qaytarmaq və ya silmək hüququna malikdir.

Qadağan olunan məzmun və davranış

Saytda aşağıdakılar qadağandır:

  1. Ayrı-seçkilik edən tələblər (cins, yaş, milliyyət, din və s. üzrə əsassız məhdudiyyətlər).
  2. Təhqiramiz, yanıldıcı və qanunsuz məzmun.
  3. Başqasına məxsus şəkil, loqo və ya məlumatların icazəsiz istifadəsi.
  4. Saytdakı məlumatların avtomatik vasitələrlə (bot, skript) toplanması.
  5. Namizədlərdən işə qəbul üçün hər hansı ödəniş tələb edilməsi.

Şikayət

Şübhəli elan və ya qaydaları pozan istifadəçi barədə elan səhifəsindəki “Şikayət et” düyməsi ilə məlumat verə bilərsiniz. Hər şikayət araşdırılır, əsaslı hesab edilən hallarda məzmun bloklanır.

Fikri mülkiyyət

Saytın dizaynı, loqosu, proqram təminatı və saytın özünə məxsus məzmunu hellojob.az-a məxsusdur. Onları icazəsiz kopyalamaq və yaymaq qadağandır.

Şəxsi məlumatlar

İstifadəçilərin şəxsi məlumatları saytın xidmətlərini göstərmək üçün və bu qaydalarda göstərilən məqsədlərlə emal olunur.

Süni intellekt (AI) ilə məlumatların emalı

İstifadəçi hellojob.az-da yerləşdirdiyi məlumatların (CV, vakansiya elanı, profil məlumatları, müraciətlər və s.) süni intellekt texnologiyaları ilə emal olunmasına razılıq verir. AI aşağıdakı məqsədlər üçün istifadə olunur:

  1. CV-lərin və elanların yoxlanması və moderasiyası;
  2. namizədlə vakansiya arasında uyğunluğun qiymətləndirilməsi və tövsiyələr;
  3. CV-nin təkmilləşdirilməsi və konkret elana uyğun versiyasının hazırlanması;
  4. kateqoriyaların təyini, dublikatların aşkarlanması və xidmət keyfiyyətinin artırılması.

Emal yalnız xidmətin göstərilməsi üçün aparılır. Məlumatlar reklam məqsədilə üçüncü şəxslərə satılmır. AI tərəfindən verilən qiymətləndirmə və tövsiyələr məsləhət xarakterlidir. İşə qəbulla bağlı son qərarı işəgötürən verir.

İstifadəçi məlumatlarının AI ilə emalına etiraz etmək və ya məlumatlarının silinməsini tələb etmək üçün dəstək xidmətinə müraciət edə bilər.

Kommunikasiya

Sayt administrasiyası qeydiyyatdan keçmiş istifadəçilərə SMS, e-poçt göndərmək və zəng etmək hüququna malikdir.

Qaydalarda dəyişikliklər

hellojob.az bu səhifədə qeyd olunan ümumi şərtləri istədiyi vaxt və istədiyi şəkildə dəyişmək hüququnu özündə saxlayır. Buna görə də hellojob.az-a daxil olarkən bu səhifəni vaxtaşırı nəzərdən keçirməyiniz tövsiyə olunur: sayta daxil olduğunuz zaman bu səhifə ilə də tanış olduğunuz qəbul edilir.

Ödəniş uğurludur!

Sizin ödənişiniz uğurla həyata keçirilmişdir.

Məhsul

Ödənişin nömrəsi

Ödəniş tarixi

Edən şəxs

Vasitəçi

Ümumi məbləğ