Kreativlik istedaddır, yoxsa bacarıq? Necə kreativ düşünmək olar?

25 Fevral 2021 6467

Kreativlik digər adıyla yaradıcılıq yeni vərdişlərə yiyələnməyə kömək edən, yeni şeylər kəşf etməyinizi, dünyanı və özümüzü daha aydın və maraqlı görməyinizə kömək edən bir prosesdir. 

Kreativlik həm də problemlərinizi həll etməyə, daha sağlam münasibətlər, daha uğurlu bir iş həyatı qurmağa və daha xoşbəxt bir həyat yaşamağa kömək edir. 

Edward de Bono deyib: 

“Şübhəsiz ki, yaradıcılıq insanların sahib olduğu ən vacib qaynaqdır. Yaradıcılıq olmadan irəliləyiş olmur və eyni şeylər ətrafında sonsuza qədər mübarizə aparırıq.”

Kreativlik istedaddır, yoxsa inkişaf etdirilə bilən bacarıq? 

Kreativ düşüncə beynimizdən əlaqəsiz görünən fikirlər arasında əlaqə yaratmağı tələb edir. Bəs kreativ düşünmək doğuşdan gələn, yoxsa təcrübə ilə inkişaf etdirilə bilən bir bacarıqdır? Bu cavabı tapmaq üçün bir araşdırmaya nəzər salaq. 

1960-cı illərdə George Land adlı bir tədqiqatçı 5 yaşında olan və 98%-i “çox kreativ” olaraq qiymətləndirilən 1600 uşaq arasında tədqiqat apardı. Dr. Land bu tədqiqatı 5 ildən bir yenidən sınaqdan keçirdi. Eyni uşaqlar 10 yaşında olanda onlardan yalnız 30%-i yüksək kreativlik bacarığına sahib idi. Bu say 15 yaşda 12%-ə, 25 yaşda isə 2%-ə düşdü. Uşaqlar böyüdükcə, kreativlik qabiliyyətlərini itirdilər. Dr. Land-in sözləri ilə desək “Onlar kreativ olmayan davranışı öyrəndilər”.Bənzər tendensiyalar digər tədqiqatçılar tərəfindən aşkar edilmişdir. Məsələn, 272599 tələbə üzərində aparılan bir araşdırmada tələbələrin IQ dərəcələri 1990-cı ildən bəri yüksəlməsinə baxmayaraq, kreativ düşüncə dərəcələri azalmağa doğru gedib. 

Bu kreativliyin 100% öyrənilə bilən olması demək deyil. Genetika da rol oynayır. Psixologiya professoru Barbara Kerrə görə, kreativlik 22% genlərdən asılıdır. Bu nəticə əkizlər arasındakı yaradıcı düşüncə fərqlərini öyrənərək əldə edilmişdir. 

Bütün bunlar, "Mən kreativ biri deyiləm" deyə iddia etmək, yaradıcı düşüncədən qaçmaq üçün olduqca zəif bir bəhanədir. Şübhəsiz ki, bəzi insanlar digərlərindən daha kreativdirlər. Bununla birlikdə, demək olar ki, hər bir insan müəyyən dərəcədə kreativ düşüncə qabiliyyəti ilə dünyaya gəlir. 

Artıq kreativliyin inkişaf etdirilə bilən bir bacarıq olduğunu bildiyiniz üçün hansı addımları atmalı olduğunuza baxaq.

Kreativ olma yolunda birinci addım: Yeni məlumatlara ac olun

“Daha əvvəl heç görmədiyiniz bir şeyə sahib olmaq istəyirsinizsə, əvvəllər heç etmədiyiniz bir şeyi etməlisiniz” 

Özünüzə və ya iş yerinizə yeni şeylər qatmaq üçün daim axtarışda olun, oxuyun, öyrənin. Məsələn, həftənin bir gününü hər dəfə etdiyiniz şeyləri deyil, fərqli təcrübələri yaşamaq üçün ayırın ( bazar günü və ya günün hansısa hissəsi ola bilər). 

Bu həm işinizə, həm də mənəvi sağlamlığınıza yaxşı təsir edəcək. Ən əsası, “Boş vaxtım yoxdur” deməyin. Boş vaxt anlayışı nədir ki? Ayrılmayan və bəzən ayrıla bilməyən zaman var. 20 dəqiqə də olsa, özünüz üçün zaman yarada bilərsiniz. 

Öyrənməyin, yeni şeylər kəşf etməyin ən yaxşı yolu kitab oxumaqdan keçir. Bir çox insanlardan “Kitab oxumağa səbrim çatmır” bəhanəsini eşidirəm. Məsələ burasındadır ki, o insanlar kitab oxumağı öyrənməyiblər. Bəli, ÖYRƏNMƏYİBLƏR. Mütaliəni də öyrənmək olar? Elədir ki, var. Kitab oxumasanız, kitab oxumağı sevməyəcəksiniz. Ona görə də ən birincisi xoşladığınız mövzuda kitab seçin və gündə sadəcə 5 səhifə ilə başlayın. Zamanla alışacaqsınız və səhifə sayını artıracaqsınız.

Kitab seçimində çətinlik çəkirsinizsə, linkə keçid edərək məqaləmizi oxuya bilərsiniz.

Unutmayın ki, oxuduğunuz, izlədiyiniz hər şey sizin düçüncə tərzinizə təsir edir. Ona görə də bu resursları yaxşı seçin. Hələ də sizi inandıra bilməmişəmsə, bəlkə Robert Qrin inandıra bilər: 

“Gələcək daha çox bacarıq öyrənən və bunları yaradıcı metodlarla birləşdirənlərə aiddir”

İkinci addım: Özünüz olun 

Koko Şanel ( Coco Chanel) deyir: 

“Əvəzolunmaz olmaq üçün hər zaman fərqli olmaq lazımdır” 

Yenə gəlirəm kitablara. “Stiv Cobs kimi düşün”, “Bill Qeyts kimi ol” kitabları BESTSELLER adı ilə satılır, hər kəs də alır oxuyur. Oxusunlar, oxuyun, buna söz demirəm. Hətta çox yaxşı edirsiniz. Amma həqiqət budur ki, heç kim bu kitabları oxuyub Stiv Cobs olmayıb, olmayacaq da. Demotivasiya etmək üçün demirəm, amma gəlin əyri oturaq, düz danışaq. 

Demək istədiyim odur ki, hər kəsin yolu eyni deyil. Digər tərəfdən, niyə kiməsə bənzəmək istənilir? Özünüz kimi olun. O kitabları oxuyub nəticə çıxarın və öz yolunuza gedin. Etdiyiniz işdə yaxşısınızsa, davam edin, deyilsinizsə, daha yaxşısı olmağa çalışın. Özünüz ilə yarışın.

Üçüncü addım: İstehsal edin 

“Zehin paraşüt kimidir, yalnız açıldığında işləyir” - Denis Waitley 

Niyəsə istehsal deyəndə çox insan fiziki əşya, məhsul düşünür. Amma söhbət sadəcə bundan getmir. Məsələn, mən bu yazıda fikir istehsal etmişəm. 

Kiminsə işlərini yerli-yersiz tənqid etmək çox asandır. Türklərin lüğətində buna aid çox gözəl sözlər var: yapıcı eleştiri, yıkıcı eleştiri. Adi təndiq edərkən belə istehsalçı olun, fikirləriniz dəyər qatsın. Çalışın yıxan deyil, yaradan olun. Bu insanda istehsal disiplini yaradır.

Hər şeydən əlavə, sosial şəbəkələr, internet bizə çox böyük imkanlar sunur. Özünüzə və sahənizə uyğun platformanı seçin və kobud dillə desək, fikirlərinizi satın. 

Kreativlik düşünmək üçün prosesə fokuslanmalı və məşq etməlisiniz. Bu platformalar sizə kömək edəcək. İstehsal edin və paylaşın. Həqiqətən, “paylaşdıqca çoxalır” fikri doğrudur. 

Məsələn, mən yazmağa başlayanda ağlıma ideya gəlməməsindən şikayətlənirdim. İndi ideya avtobusda belə gəlir, çantamda dəftər gəzdirir və ya telefonuma yazıram ki, unutmayım. 

Bu formulu unutmayın: 

Öyrən+ Fikirləş + İstehsal et + Paylaş və Zövq al 

Kreativlik prinsipi: İnsanlar başqaları tərəfində təzyiqlərə məruz qaldığında deyil, maraqları, çətinlikləri və həyat məmnuniyyətlərindən aldığı motivasiya ilə kreativ olacaqlar. (Harvard Business Review) 

Yaradıcılıq bir prosesdir. Bu yalnız bir evrika anı deyil. Ona görə də bu bacarığı inkişaf etdirmək üçün çalışmalı, daxili bariyerlərinizi aşmalısınız. Azərbaycanda kreativ düçüncə gənclərin ehtiyacı olduğu ən başlıca xüsusiyyətlərdən biridir. Yuxarıdakı nümunədə göründüyü kimi, təhsil və digər faktorlar kreativliyi öldürür. Bu vəziyyətdə survivor (həyatda qalan) olmağa çalışıb, bu yazını oxuduğunuz üçün təşəkkürlər. 


Yorulanda istirahət etməyi də unutmayın.



Aida Ahmad

Oxşar yazılar