Kontent menecer kimdir?

20 Sentyabr 2022 4269

Sizi tanıyaq

Salam! Əsədli Gülşah, 23 yaşım var. Hal-hazırda DDB Azərbaycan agentliyində Sosial Media Meneceri kimi fəaliyyət göstərirəm. 

Kontent menecer kimdir və hansı öhdəlikləri var?

Kontent Menecer gözünün gördüyü hər yerdə olan reklamların strategiyasını ideyaya çevirən şəxsdir. O, kontent planı hazırlayır, kreativ komandanı idarə edir, işləri ayınlaşdırır və yönləndirir. 
Bəzən o, vebsayt üçün bloqlar yazır, bəzən sadəcə analiz edir, həmçinin bütün kontentlərin performansının və son nəticəsinin necə olmasını ölçür, rəqib analizi edir. 
Onda olmalı bacarıqlar isə əlbəttə ki, əvvəla marketinq (rəqəmsal da), SEO, bloq yazarlığı, bir az kopiraytinq, çoxlu sosial media, data analitikası, content menecment sistemləri (WordPress kimi) vəəəə dil bilikləridir.

Karyeranızın əvvəlində hansı bacarıqları inkişaf etdirdiniz?

Marketinq işində çalışan hər kəs ilk öncə Googleda işləməyi bacarmalıdı. Hər detalını, altını-üstünə gətirməyi, A deyəndə A-nın hansı saytda olduğunu gözüyumulu bilməlidir. 
Yuxarıda qeyd etdiyim bacarıqlar, həmçinin, bizim üçün vacibdir. Lakin ilk öncə bilməlisən ki, həqiqətən kreativ düşüncəyə sahibsənmi? İdeyalar bitib-tükənməməlidir, hər zaman ağlında fikirlər dolanmalıdır, buna hazır olmalısan. 

Karyeranızda hansı daha dəyərli oldu: təhsiliniz və ya təcrübəniz?

Mən Azərbaycan Dillər Universitetində İngilis dili və ədəbiyyatı müəllimliyi ixtisasını bitirmişəm. Ədəbiyyat, həqiqətən, söz bazası verir insana. Amma mənə marketinq sahəsinə keçməyimə töhfə verib demək istəsəm, deyə bilmərəm. Media sahəsinə marağım məni marketinqə, sonra kontent menecmentə gətirib çıxardı. Rəqəmsal Marketinqi Code Academy- də təhsil aldığım müddətdə öyrənmişəm. Kursu bitirən kimi agentlik həyatım başladı, əvvəl lokal, sonra qlobal agentliklər olan McCann, Publics-də  təcrübə yığdım. 
Bütün bunları bir araya toplasam, təcrübəm olub karyeramda daha dəyərli olan.

Sizi bu sahədə çalışmağa motivasiya edən əsas şey nədir?

Maraqlı brendlərlə çalışmaq, hətta hər kəsin bildiyi, tanıdığı, sevdiyi, hər gün aldığı, gördüyü brendlərin arxa üzündəki şəxs olmaqla motivasiya tapdığım doğrudur. Gələcəkdə hər kəsib bəh-bəhlədiyi, illər sonra belə unudulmayan kontentin sahibi olmaq arzusu da məni gülümsədir. Bu sahədə çoxlu festivallar, yarışlar, mükafatlar da mövcuddur, onlara sahib olmaq arzusu da sevindirir.

Kontent menecerin günlük işləri nədən ibarətdir və hansı alətlərdən istifadə edir?

Gündəlik olaraq, kontent planı qurmaq, onu izləmək, paylaşmaq, müştəridən gələn editləri etmək, yeni ideyalar axtarmaq, TikTok izləmək (ordan həqiqətəm maraqlı ideyalar çıxır lol) və belə davam edir. 
Bu barədə 1 TikTok videosu da çəkmişəm: Kontent Marketerin Bir Günü :D

Kontent menecer digər hansı sahənin şəxsləri ilə müştərək işləməlidir?

Əvvəla, Akkaunt Menecer varsa, müştəri istəklərini almaq üçün ona müraciət etməlidir. Rəqəmsal Marketinq Menecerlə strategiya, kampaniya yönümlü söhbətlər aparıb plan qurmağa başlamalıdı. Plan hazır olduqda isə onu postlaşdırmaq üçün kopirayter, dizayner ikilisinə ötürüb gözləməlidi. Hər şey bitdikdə isə Sosial Media Menecerinə ötürürük və post paylaşılır.

Peşəkar Kontent menecer olmaq üçün nələrə diqqət edilməlidir?

Diqqət etməli olduğun heç nə olmamalıdır, əslində. Bu iş elədir ki, sən DİQQƏT olmalısan. Sən həmin brendin, şirkətin görən gözü, eşidən qulağısan. Hər cür trendləri izləməlisən, mən TikTok-a heç vaxt daxil olmaram dediyim anda özümü TikTok çəkən yerdə tutdum :D 
Bundan əlavə, müştərilərdən gələn bitib-tükənmək bilməyən editlərə hazır olmalısan, qısası səbir lazımdır.
Sonda da həvəs, sevgi, həqiqi istək lazımdır ki, işin sənə yorucu, bezdirici gəlməsin.

Kontent menecer olmanın ən yorucu tərəfi nələrdir?

Sözün düzü, məni ən çox yoran boyun, göz, ayaq və əl ağrılarıdı :D Bütün günü kompüter arxasında oturmaq fiziki olaraq çox yorucudur. 
Bütün günü düşünmək, beyninin danışması, nəyisə “istehsal etməyə” çalışması da daxili yorğunluq verə biləcək amillərdəndir.

Bu sahədə çalışmaq istəyənlərə nədən başlamağı tövsiyə edərdiniz?

Başlamaq istəyirsənsə, çox düşünmə, başla. Yazmağı bacarırsansa, başla. Sadəcə “Kontent Menecer” adını eşitmisənsə, nə etdiyin barədə heç bir fikrin yoxdursa, başlama. Camaatın çörəyi ilə oynama :D

Oxşar yazılar