İş elanı necə hazırlanmalıdır? Vakansiya tərtibində AIDA metodu

02 Fevral 2021 5529

İşə qəbul prosesi yalnız işə müraciət edənlər üçün deyil, həm də işəgötürənlər üçün vacib bir məsələdir. Texnologiya və məlumat əsrində olduğumuz üçün şirkətlərin təcrübəli və bacarıqlı işçilərə ehtiyacı gündən-günə artır.  Belə işçiləri komandaya qatmaq üçün şirkətlərin etməli olduğu ilk şey doğru iş elanı hazırlamaqdır.

İlk təəssüratlar vacibdir. Effektiv iş elanı diqqəti cəlb edən və əhatəli olmalıdır. Lakin iş elanı namizədə dolğun məlumat vermirsə, müraciət etmək əvəzinə "Geri" düyməsini seçəcəklər.

İş elanı hazırlayarkən bunu nəzərə almalı və namizədlərə lazım olan məlumatları qeyd etdiyinizdən əmin olmalısınız.

İşi düzgün təsvir edən başlıq seçin.

Düzgün açar sözlərdən istifadə edilərək seçilmiş başlıq namizədin sizin elanı daha rahat tapmasını təmin edəcək. "Veb-dizayn sehrbazı" kimi bir kreativ olduğunu düşündüyünüz başlıq istifadə etsəniz, insanlar bu sözü yazaraq axtarış aparmadıqları üçün iş elanınızı tapa bilməzlər. Hədəf auditoriyanın istifadə edə biləcəyi açar sözlərdən istifadə edərək başlıq yazmaq daha məqsədə uyğundur. Beş və daha az sözlə effektiv başlıq yaza bilərsiniz.

Effektiv olmayan başlıq: Java, C #, C++, T-SQL, Pascal, ASD dillərini bilən Proqramlaşdırma Mühəndisi

Effektiv başlıq: Təcrübəli Proqramlaşdırma Mühəndisi

Tələblər və vəzifələri müəyyən edin

Bu hissədə vəzifələr spesifik olaraq qeyd olunmalıdır. Bunun sayəsində namizəd işdəki tipik bir günü təsəvvür edə biləcək.

Məsələn, Rəqəmsal Marketinq Meneceri üçün elan verirsinizsə, qeyri-müəyyən bir təsvirdən istifadə etmək əvəzinə (məsələn, "Rəqəmsal Marketinq şöbəsindən məsul olacaqsınız"), xüsusi vəzifələri təsvir edin:

  • Rəqəmsal marketinq strategiyasının qurulması

  • Sosial media işlərinin idarə olunması

  • Reklamlara nəzarət və.s

 

Tələbləri və vəzifələri qeyd edərkən bu vəzifədə əvvəl çalışmış insanları nəzərdən keçirin və ya elanı onlara göstərin. Beləliklə, tələb və vəzifə siyahınızda nəyin vacib, nəyin lazımsız olduğunu müəyyən edə biləcəksiniz.  Misal olaraq, CPA (Sertifikatlı Peşəkar Mühasib) sertifikatı olan SEO mütəxəssisi, bəlkə də var amma bu sizin şirkətə və həmin vəzifə üçün gərəklidirmi?

Şirkət haqqında aydın məlumat verin

Namizəd şirkət haqqında məlumatsız ola bilər. Buna görə də şirkət sənayesi, hədəfləri və missiyası kimi vacib məlumatları qeyd etməyiniz vacibdir. Şöbələr, işçi sayı və hətta illik satış kimi digər faydalı məlumatlar da daxil edilə bilər.

İş növü və yeri barədə konkret məlumat verin

İşin tam-ştat və ya yarım-ştat olması iş elanında mütləq qeyd edilməlidir. Təcrübə proqramıdırsa, ödənişli olub olmadığı və stajın müddəti bildirilməlidir.

Müvafiq namizədləri hədəf aldığınızdan əmin olmaq üçün şirkətin ünvanını da qeyd etməyiniz vacibdir. Çünki iş və yaşayış yeri arasında məsafələr bir çox namizədə problem yarada bilər. Ünvan qeyd etməklə həm öz, həm də namizədin vaxtına qəanət etmiş olarsınız.  

Maaş və müavinətlər barədə ətraflı məlumat daxil edin

Dəqiq bir məbləğ təyin etməmisinizsə, əmək haqqı aralığını qeyd edə bilərsiniz. Bu təhsilə və təcrübəyə əsasən maaş dəyişikliyinə imkan verir. Bir çox şirkətlər elanda maaş aralığını belə qeyd etmirlər. Belə halda nə olacağını düşünün: Namizəd şirkətə CV göndərmək üçün zaman ayırır, siz namizədi bəyənirsiniz, müsahibəyə dəvət edirsiniz. Müsahibə zamanı da namizəd uğurlu olur, amma maaşı öyrənən zaman narazılığını bildirir və vəzifədən imtina edir. Bu ssenaridə  həm sizin, həm də namizədin vaxtı boşa getmiş olur. Bu cür xoşa gəlməz hadisələrin qarşısını almaq üçün maaş aralığını iş elanında qeyd etməlisiniz.

Əlavə olaraq, ödənişli məzuniyyət günlərinin sayı, tibbi sığorta, səyahət ödənişləri və s. haqqında gərəkli məlumatların qeyd edə bilərsiniz.

Düzgün əlaqə vasitələri yazdığınızdan əmin olun

Potensial namizədlərin sualları olduqda və ya vakansiyaya müraciət etmək istədikləri təqdirdə sizinlə əlaqə yarada biləcəkləri məlumatları daxil etdiyinizdən əmin olun. Elektron poçt ünvanı ümumiyyətlə kifayətdir, bununla yanaşı bir telefon nömrəsi də əlavə edə bilərsiniz.

Oxunaqlılığı təmin edin

İşəgötürənlər CV-ləri 1 dəqiqədən az müddətdə oxuduqları kimi, bir çox namizəd də elanı tez nəzərdən keçirir və əsas məqamlara baxır. Elan oxumağı çətinləşdirəcək qədər uzun olmamalı amma dolğun məlumat verməlidir. Şrifti ilə gözləri yormamalıdır. Son olaraq, orfoqrafiya səhvləri düzəldilməlidir.

İş elanında AIDA metodu

Əsasən marketinq sahəsində istifadə olunan AIDA metodu iş elanları üçün istifadə edilərsə, ixtisaslı namizədlərin müraciətlərini artıracaqdır. AIDA sözü ingiliscə 4 sözün baş hərflərində ibarət qısaltmadır. Attention (Diqqət), Interest (Maraq), Desire (İstək) və Action (Fəaliyyət)

Diqqət. Yuxarıda da qeyd etdiyimiz kimi, bir elanın oxunması üçün başlıq önəmlidir. Başlıq vəzifəyə uyğun olmalı və namizədin diqqətini cəlb etməlidir ki, elanı nəzərdən keçirsin.

Maraq. İlk bəndlər maraq oyatmaq üçün xüsusilə vacibdir. Elan maraq oyadarsa, namizəd onu oxumağa davam edəcəkdir. İş, vəzifə və qurum haqqında məlumatlar ətraflı daxil edilməlidir.

İstək. Burada şirkətin namizədə nə vəd etiyi önəm daşıyır. Mükafatlar, dəstəkləyici iş mühiti, karyera inkişaf imkanları kimi motivasiyaedici məlumatlar paylaşıla bilər.

Fəaliyyət. Bu son mərhələdir və hərəkətə çağırışdır. Elanın sonunda "Bu fürsəti əldən verməmək üçün dərhal müraciət edin", "CV-nizi səbirsizliklə gözləyirik” kimi cümlələrə yer verə bilərsiniz. 


Oxşar yazılar