Freelance iş modeli yeni iş fürsətləri təqdim edir

10 İyul 2020 3447

Pandemiya dövründə ön plana çıxan anlayışlardan biri də "Freelance işləmək" modeli oldu. Şirkətlər işlərin davamlılığı üçün çevik bir iş modelinə keçməyə başlayarkən, frilans işləmək istəyənlər üçün də yeni iş imkanları yaradıldı.


Texnologiya iş həyatını və iş aparmaq yollarını dəyişdirməyə davam edir. Freelance işləmə anlayışı artıq həyatımıza tam olaraq daxil olub. Rəqəmsal yönümlü sahədə işləyənlər və ya işləmək istəyən hər kəs freelance iş imkanlarından faydalanmalıdır.


Freelance işləməyin təklif etdiyi imkanları qeyd etməzdən əvvəl bununla bağlı bəzi statistikaları bölüşmək istərdim. Ümumdünya İqtisadi Forumunun (WEF) məlumatlarına görə, yaxın 10 il ərzində freelance işləyənlərin sayı işçi qüvvəsinin yarısısını təşkil edəcəkdir. UpWork məlumatlarına görə, ABŞ-da hər üç nəfərdən biri freelance olaraq fəaliyyət göstərir. Buna görə iş həyatında davamlılığı təmin etmək üçün bu tendensiyaya uyğunlaşmaqda fayda var.


Zaman və məkandan asılı olmayaraq işləmək

Freelance-ı yalnız bir iş modeli olaraq və ya əlavə qazanc yeri kimi seçə bilərsiniz. Günümüzdə bu movzuda ən çox fürsətlər əlbəttə ki, rəqəmsal sahədədir. Dizayn, proqram təminatı və məzmun istehsalı kimi sahələr freelance işləmək üçün ən uyğun sahələrdir. Sosial media meneceri (SMM), qrafik dizayn və video, veb dizayn, kopirayter kimi müxtəlif sahələrdə də freelance iş imkanları əldə edə bilərsiniz.


Əhatənizi geniş saxlayın

Freelance iş vakansiyalarına müraciət etməklə yanaşı, həm də  sizinlə eyni sahədə olan şirkətlər və ya tanıdığınız insanlarla əlaqə saxlaya bilərsiniz. Əvvəlki işlərinizə dair hər hansı bir məlumat qeyd etməniz, yoxdursa edə biləcəklərinizi sənədləşdirmək və  təqdim etmək sizin bu mövzuda  fərqlənməyinizə kömək olacaqdır. Freelance iş modelində ünsiyyət, tam müddətli iş modelindən daha çox əhəmiyyət kəsb etdiyini söyləmək olar. Bununla əlaqədar olaraq, işləyəcəyiniz şirkətin / şəxsin sizə etimad göstərməsinə nail olmaq və qarşı tərəfin tapşırığılarını vaxtında və istədiyi şəkildə edə biləcəyinizə inandırmaq lazımdır.


Çətinliklər həmişə olacaq

Zaman və məkandan asılı olmayaraq işləmək fikri ilk baxışda  çox yaxşı səslənir. Ancaq bu, həmişə istədiyiniz vaxt və istədiyiniz yerdə işləyəcəyiniz demək deyil. İş saatları ərzində daim əlçatan olmaq, təcili olaraq bitirilməsi lazım olan işlərdə çeviklik göstərmək, freelance iş mühitində qarşılaşa biləcəyiniz gündəlik hadisələrdir. Freelance iş modelində işləmək istədiyiniz sahəni və işi birbaşa özünüz seçə biləcəyiniz üçün işləmək istədiyiniz işdən zövq almağınız mümkündür.



Oxşar yazılar