Evdən işləməyin 5 çətin tərəfi və başa çıxmanın yolları

12 Yanvar 2023 1169

İş yeriniz evinizdirsə, iş və ev arasında sərhəd çəkmək vaxtıdır.

Pandemiyanın həyatımıza gətirdiyi evdən işləməyin müsbətləri danılmazdır. Yollarda vaxt itirmirik, yanından keçdiyimiz “coffeeshop”dan gələn kofe qoxusuna aldanmırıq və nəticədə pulumuz cibimizdə qalır. Evdən işləməyin üstünlükləri çoxdur, say-say bitməz. Ancaq pandemiyada, hətta pandemiyadan sonrakı dövrdə də davam edən reallığımızın mənfilərindən çox az danışılır.

İş yerinizlə eviniz arasında fiziki sərhədlər çəksəniz belə, iş yeriniz daim gözünüzün önündə olur və bitməyən işləriniz ağlınızdan çıxmaq bilmir. Hətta işiniz ətrafında oturub yemək yediyiniz və istirahət etdiyiniz masanın üzərindəki noutbukunuzdadırsa, bu fiziki sərhədlər də işə yaramayacaq.

Sizi çox yormadan evdən işləməyin sizi niyə daha çox yorduğunun 5 səbəbini və bu yorğunluqla başa çıxmanın yollarını təqdim edirik.

Gündəlik rejiminiz alt-üst olur

Evdə pijamalarınızla işləmək ilk bir neçə gün sizə xoş gələ bilər. Lakin bir də baxacaqsınız ki, bütün gündəlik rutinləriniz alt-üst olub, iş saatınız bitir və siz hələ də yatağınızdasınız. Səhər oyanar-oyanmaz, səhər yeməyi belə yemədən nahara qədər dayanmadan işləmək zaman keçdikcə psixi və fiziki sağlamlığınız üzərində öz mənfi təsirlərini göstərəcək. Ofisə getmək üçün oyandığınız vaxt qalxıb, duş alıb, səhər yeməyi yeyib işə başlamaq sizə yalnız fayda verər. Hətta işə gedərkən yola sərf etdiyiniz vaxt ərzində yürüyüşə də çıxa bilərsiniz. Nahar fasiləsində işdən və noutbukdan uzaq durmaq, hətta bir saatdan bir 5 dəqiqə fasilə vermək belə diqqətinizi və produktivliyinizi yüksək saxlamağa kömək edəcək.

İnsanlardan təcrid olunmuş şəkildə çalışmaq yalnızlıq hissi yaradır

İnsanlarla əhatələnmiş bir ofisdə işləmək bəzən sizi nə qədər hövsələdən çıxarsa da, əksi də o qədər yalnızlığa sürükləyir. Evdən işləyərək yalnız Zoom görüşləri ilə əlaqə saxlamaq bir müddət sonra sıxıcı və yorucu hal almağa başlayır. Texnologiya həyatınızı nə qədər asanlaşdırsa da, üz-üzə kommunikasiyanı əvəz edə bilmir. Biz sosial varlıqlarıq və ünsiyyət bizim ən təməl ehtiyaclarımızdan biridir. Buna görə də əgər evdən işləyirsinizsə, ən azından ara-sıra işlə bağlı görüşmələrin üz-üzə olmasını təklif edin. Belə bir imkan yoxdursa, işdən dərhal sonra onlayn mühitdən uzaqlaşıb dostlarınızla görüşə və ya insanlarla əhatə olunduğunuz hər hansı bir məşğuliyyət tapa bilərsiniz.

İşlərinizi durmadan təxirə salırsınız

Ofis mühitində zamanınız limitli və işlər çox olduğundan, istirahətə və kənar işlərə o qədər də vaxt qalmır. Lakin evdə bu ofis təlaşı olmadığı üçün işləri gecikdirmək, hətta təxirə salmaq çox rahat olur və nəticədə iş yükünüz də artır. Buna səbəb sizi əhatə edən və fokuslanmağınıza mane olan amillərdir. Bunlar sosial media, ailə üzvləri, televizor, telefon, bitib-tükənməyən ismarıclar ola bilər və təəssüf ki, iş vaxtı məhsuldarlığınızın başlıca düşmənləridir. İşləri uzatmağın və təxirə salmağın qarşısını almaq üçün gecədən ediləcəklər siyahısı tutub ona sadiq qala, işlərinizi çətindən asana doğru sıralaya, məhsuldarlığın ən çox olduğu səhər saatlarında sosial mediaya daha az vaxt ayıra və nəhayət, özünüzü mükafatlandıra bilərsiniz.

Gecə-gündüz işlə bağlı mesajlar beyninizi məşğul edir

Nə qədər düzgün sayılmasa da, işdən sonra işlə bağlı mesajlar və e-poçtlar reallıqdır. Hətta evdən işləyənlər daha yaxşı bilər, bunun gecəsi-gündüzü yoxdur. Görməzdən gəlsəniz belə, fikriniz daim işdə qalır, istirahət vaxtınızı səmərəli keçirə bilmirsiniz və zamanla bu hal sizi sıxmağa, yormağa başlayır. Lakin bunun da çarəsi var. Hər şeydən öncə mümkündürsə, iş nömrənizlə şəxsi nömrəniz ayrı olsun. Bu mümkün deyilsə, iş saatlarından kənar işləməyə və mesajlara baxmağa məcbur olmadığınızı qəbullanın. İşlə bağlı qrupları səssizə alın və ya bütün bildirişləri bağlayın.

Daha çox oturaq həyat tərzi keçirirsiniz

İşi ofisdə, kompüter arxasında olanlar çox vaxt bütün günü oturmaqdan şikayətlənirlər. Ancaq evdən çıxıb maşına və avtobusa qədər getmək, həmkarınıza nəsə göstərmək və ya demək üçün ayağa qalxmaq, yaxınlıqdakı kafeyə birlikdə nahar etməyə getmək evdə heç hərəkət etməməkdən daha yaxşıdır. Evdən işlədikdə bəzən fasilə verməyi unudanlar belə var. Bu uzun müddət davam edərsə, yorğunluğa, bitkinliyə və ciddi sağlamlıq problemlərinə gətirib çıxarır. Həll yolu olaraq Apple Watch kimi çox oturduqda xəbərdarlıq edən cihazlardan istifadə edə və ya sadəcə olaraq zəngli saat qura bilərsiniz.

Ümid edirəm bunları oxuduqdan sonra sizi yoran nüansların fərqində ola və işlə həyatınız arasındakı sərhədləri qoruya bilərsiniz. Əgər bununla belə yorğunluğu üstünüzdən ata bilmirsinizsə, sağlamlıqla bağlı probleminiz ola bilər.

Oxşar yazılar