Ən yaxşı namizədlər müsahibədən sonra niyə yoxa çıxır?

18 Yanvar 2023 1768

Ən yaxşı namizədlər müsahibədən sonra niyə yoxa çıxır?

Şirkətinizdə boş pozisiyalar var. Onlar üçün vakansiya elan edirsiniz və yüzlərlə müraciət alırsınız. İncələyirsiniz, ələyirsiniz və geriyə pozisiyaya uyğun gördüyünüz ən yaxşı 2-3 namizəd qalır. Bu namizədləri müsahibəyə çağırırsınız, müsahibədə hər şey yolunda gedir. Lakin müsahibədən sonra işə qəbul olduqları üçün əlaqə saxladıqda onları tapa bilmirsiniz. Bəs düşünmüsünüzmü, onların heç bir şey demədən ortadan yox olmalarının səbəbi nədir?  Bu yazımızda yaxşı namizədlərin sizinlə işləməkdən geri çəkilmələrinin səbəblərindən bəhs edəcəyik.

İnsanlar şirkətiniz və sizin haqqınızda ürəkaçıcı şeylər danışmaya bilər.

İşçilər brendiniz, şirkətiniz haqqında xoş şeylər danışmırsa, namizədlər bunun fərqinə varacaqlar. Bəzi iş axtaranlar şirkətdə işə başlamazdan əvvəl ehtiyatı əldən verməyib dərindən araşdırırlar. Nəticədə işçiləriniz arasındakı bu söz-söhbət onlara çatdıqda sizinlə işləmək istəmədiklərinə qərar verirlər. Buna görə də şirkətiniz haqqında nələr danışıldığına, işçilərinizin və digər insanların sosial mediada sizin haqqınızda söylədiklərinə diqqət yetirin və bu narazılıqlara səbəb olan məsələləri həll etməyə çalışın.

İşə qəbul mərhələləriniz çoxdur və uzun çəkir

Ən yaxşı istedadların cəmi 10 gün ərzində bazardan çıxdığını bilirdinizmi? Bu səbəbdən işə qəbul prosesindəki hər kəsdən fəal olmasını tələb edərək bu prosesi sürətləndirə bilərsiniz. Araşdırmalara görə, müsahibə prosesi ortalama 23 gün çəkir, bu da işə qəbul prosesini təxminən 2,5 dəfə sürətləndirməli olduğunuz anlamına gəlir. Tutalım iş elanı vasitəsilə axtardığınız namizədi tapdınız və ilk müsahibədən onu işə götürməyə hazırsınız. Bununla belə, cari prosesləriniz onları əlavə dörd mərhələdən keçirməyinizi tələb edir. Birinci mərhələ test tapşırığı, ikincisi onların HR menecer ilə üzbəüz və ya virtual olaraq görüşü, üçüncüsü yazılı tapşırıq, dördüncüsü təqdimat, ən son isə komanda ilə tanışlıqdır. Bütün bu proses altı həftəyə qədər çəkə bilər. Bu müddətin sonunda namizədin rədd cavabı alma ehtimalı olduğu üçün ona başqa bir şirkətdən iş təklifi gəlibsə və işə başlaya bilərsə, o, bu fürsəti qaçırmayacaqdır.

Şirkətinizin  işçiləri stimullaşdırıcı və motivasiyaedici əmək mükafatları və bonusları azdır.

İş axtarma prosesində işə götürən namizədləri müqayisə edib seçdiyi kimi, iş axtaran tərəf də ona gələn iş təkliflərini dəyərləndirib, müqayisə edib qərar verir. Hansı şirkət işçiyə daha çox bonus və fayda təklif edirsə, işçinin seçimi ondan yana olur. Araşdırmalara görə, iş axtaranların 55%-i əmək haqqı bir qədər az olsa belə, əlavə bonuslar təklif edən şirkəti seçir. Məsələn, əgər bir şirkət digərindən daha çox ödənişli məzuniyyət təklif edir, tibbi sığortanı qarşılayır, əlavə bonuslar vəd edirsə, işçinin təbii olaraq həmin şirkətin təklifini dəyərləndirməsi ehtimalı çoxdur.

Vakansiyadakı iş şəraiti və əmək haqqı reallığı əks etdirmir.

Vakansiyada 5 günlük iş rejimi yazıb müsahibədə 6-cı günün tam və ya yarım iş günü olduğunu deyənlər az deyil. Eyni hal əmək haqqı üçün də keçərlidir; təəssüf ki, maaş aralığı yazıb bu aralıqdakı minimumu təklif edən, habelə dəqiq yazdığı məbləği belə müsahibədə daha az deyən işəgötürənlər var. Böyük ümidlərlə müsahibəyə gedən yaxşı namizəd isə gözləntiləri qarşılanmadığı üçün təbii ki, xəyal qırıqlığına uğrayır. Buna görə də işçi götürərkən işin keyfiyyətinin əlavə 4 saatla və ya işçinin layiq olduğu əmək haqqını azaltmaqla artmadığını nəzərə alın.

Müsahibədən sonra uyğun namizədlə kifayət qədər kommunikasiya qurmursunuzsa, onu itirmə ehtimalınız böyükdür.

Əgər sizə lazım olan namizədi tapmısınızsa, dərhal onu işə götürə bilməsəniz də, onun sizin şirkətiniz üçün uyğun namizəd olduğunu, digər namizədlər də dəyərləndirildikdən sonra mütləq müsbət və ya mənfi geri dönüş ediləcəyini bildirin. Əks təqdirdə uzun müddət sizdən cavab ala bilməmək namizədə bunun rədd cavabı olduğunu düşündürə bilər. Belə olduğu halda isə onun yoluna başqa şirkətlə davam etməsi və ortadan yox olması çox təbiidir. Yaxşı namizədlərin sizdən “qaçması” problemdir, lakin işə qəbul prosesində qeyd etdiyimiz bəzi dəyişikliklərlə bu problemi avantaja çevirmək sizin əlinizdədir.

Mənbə: 
Glassdoor
Employmenthero
Patriotsoftware

Oxşar yazılar